• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1696
— 25.01.2016 10:06

Şəmkirdə süni qiymət artımı nəzarətdə saxlanılır

Devalvasiyadan sonra ölkədə süni qiymət artımının qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Şəmkir Rayon İcra Hakimiyyətində də bu məqsədlə xüsusi qərargah yaradılıb. Qərargahın üzvləri mütəmadi olaraq yerlərdə qiymətlərə nəzarət edirlər. Həftə sonu rayon rəhbərliyi ilə yerli sahibkarların növbəti görüşündə də süni qiymət artımı əsas müzakirə obyekti olub. 

Görüşdə sahibkarlar, iş adamları və ictimaiyyət nümayəndələri  iştrak ediblər. Dolların manata qarşı məzənnəsinin artmasından istifadə edən bəzi işbazlar məhsulların qiymətini süni şəkildə qaldırmağa cəhd göstərsələr də, Şəmkirdə bu cür hallara qarşı ciddi mübarizə aparılır.

Alimpaşa Məmmədov -Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı: “Hər bir şəxs süni qiymət artımı ilə bağlı mübarizədə fəal iştirak etməlidir. Bizim rayonda bununla bağlı qərargah yaradılıb və qaynar xəttimiz var. Bundan başqa “Facebook” səhifəmizə də bu barədə məlumat verə bilərlər. Bütün müəssisə rəhbərləri də süni qiymət artımının qarşısının alınması üçün məlumatlandırılıblar”.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə buğda və unun əlavə dəyər vergisindən azad olunması çörək və un məmulatlarının qiymətini tənzimləyib və bu məhsulların dəyəri nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Şəmkirli sahibkarlar dövlət başçısının bu qərarını vaxtında atılan addım kimi dəyərləndiriblər. Onlar dövlətin fermerlərə ayırdığı subsidiyalardan da səmərəli şəkildə istifadə edib bol məhsul əldə edəcəklərini deyirlər.

Qabil Şükürov- sahibkar: “Daim kənd təsərrüfatının inkişafında prezidentimizin diqqətini hiss etmişik. Son vaxtlar yanacağın ucuzlaşdırılması, güzəştli şərtlərlə kreditlərin verilməsi diqqətə layiqdir”.

Şahbaz Aslanov- sahibkar: “Bu gün Azərbaycan xalqı dünyada gedən böhrana nəzər yetirməli və ölkə prezidentinin əhatəsində sıx birləşməlidir. Heç bir sahibkar süni qiymət artımına yol verməməlidir”.

Ötən il Şəmkirdə kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də rabitə, nəqliyyat, ticarət və xidmət sahələrində nailiyyətlər əldə olunub. Vergi ödəyicilərinin sayı 10 min 637-yə çatıb. Onlardan 745-i hüquqi, 9 min 892 nəfəri isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Ötən il Şəmkir rayonu üzrə 150 layihənin həyata keçirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 27 milyon manata yaxın güzəştli kredit verilib. Bu kreditlər hesabına rayonda minlərlə yeni iş yeri açılıb.

Natiq Hüseyn