• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3559
— 23.01.2016 16:21

Şəhərin gözəlliyinə xidmət edən dekorativ ağaclar hansı şəraitdə və formada becərilir?

Dekorativ ağaclar yol kənarlarını, park və xiyabanları gözəlləşdirir, havanın təmizlənməsinə kömək edir. İlin bütün fəslində yaşıl olan bu bitkilər daim göz oxşayır. Təbii ki, bu gözəlliyi almaq üçün insanlar əmək sərf edir, əziyyət çəkir. Bəhrəsini isə biz görürük.

70 yaşlı Elbəyi Əsgərov 50 ilə yaxındır ki, bağbandır və bunun da 35 ilini dekorativ ağacların əkib becərilməsinə həsr edib. Onun sözlərinə görə, əvvəllər bu cür ağaclar bizə xaricdən gətirilirdi. İndi isə artıq özümüz onları yetişdirə bilirik. Bəzi ağaclar da var ki, onların tingləri xaricdən yeni gətirilib və bu ağaclara tələbat çoxdur.

Arizona şamının digər şam ağaclarından bir çox üstün cəhətləri var. Əsasən şamın rəngi, eləcə də görünüşü digər şamlardan fərqlənir. Şam ölkəmizə son 5 ildir ki, gətirilib əkilir və əsasən toxumdan bitir.

Dekorativ ağacları müxtəlif görkəmə salmaq da olur. Bu da onlara xüsusi gözəllik verir. Bu  ağaclar əsasən toxumla, bir də tinglə becərilir.

Elbəyi Əsgərov- bağban: “Toxumla bitənlərin ancaq suyunu verib, bir də alasını çəkmək lazımdır. Həftədə  bir dəfə sulamaq lazımdır, ancaq  çilingdən olanı hər gün çiləmə ilə suvarmalısan. Dibini həddən artıq sulamaq olmaz, dibi palçıq olan yaxşı yetişmir, çiləmə ilə rütubət verəndə yaxşıdır”. 

Dekorativ ağacları yetişdirmək çox çətindir. Hər ağacın öz sirri, öz yetişdirilmə qaydası var. Onların yetişməsi üçün rütubətli şəraitin yaradılması da vacibdir. Ağacların çoxunun gün şüalarına ehtiyacı var, bəzi ağaclar isə fərqli olaraq kölgədə bitir.

Dekorativ ağacların meyvə ağaclarından bir çox üstün cəhətləri var. Əsas üstün cəhəti ondan ibarətdir ki, bu ağacları ilin bütün fəsillərində, bütün aylarda əkmək mümkündür. Sadəcə olaraq bu ağaclara qulluq göstərmək lazımdır.

Elbəyi Əsgərov- bağban: “Gərək hər an başının üstündə olasan, istədiyini biləsən, onunla danışmağı bacarasan. Rütubətini vaxtlı-vaxtında verə biləsən, günün qızmar vaxtı üstü kölgəli olmalıdır. Elə olub ki, 200 dənə çiling sancmışam, ondan 190 dənə bitib. Vaxtını keçirmədən qayğı göstərmişəm. Ancaq ötən il 10 min ting əkmişəm, vaxtlı-vaxtında baxa bilməmişəm, ondan 300-400 dənə ağac götürmüşəm”.

Bağban 30-a yaxın dekorativ ağac növü yetişdirir. Bu ağacların tingini 3 ilə becərib, sonra əkirlər.

Elnur Vahidoğlu