• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2557
— 21.01.2016 18:08

Gəncənin tıxac problem nə zaman öz həllini tapacaq?

Böyüməkdə olan şəhərlərin aktual problemlərindən biri də yollarda  nəqliyyatın sıxlığıdır. Xüsusən də bəzi məsuliyyətsiz sürücülərin “dayanma”, “durma” qaydalarına əməl etməməsi bu problemi daha da dərinləşdirir. Gəncədə problemin həlli istiqamətində müəyyən addımlar atılsa da, məsələnin tamamilə həlli heç də asan görünmür.

Mütəmadi aparılan tədbirlərə baxmayaraq, yenə də qanunlara məhəl qoymayan xeyli sayda sürücüyə rast gəlmək mümkündür. Ərazidə “Dayanmaq qadağandır!” yol hərəkəti qaydası nişanı olsa da, lakin buna məhəl qoymayan sürücülər var.

Bu mənzərəni şəhərin əksər küçə və prospektlərində görmək olar. Sürücülük mədəniyyətinə zidd olaraq, yalnız öz rahatlığını düşünən belə sürücülər yollarda nəqliyyatın sərbəst hərəkətinə ciddi maneə törədirlər. Bunun nəticəsi kimi də yollarda tıxaclar, eləcə də qəza şəraiti yaranır.

Qeyd edək ki, hazırda şəhərdə parkomatlarla təchiz olunan xüsusi dayanacaqların olmaması da sürücülərin avtomobillərini harda gəldi saxlamasına şərait yaradır. Gəncə şəhərinin hər iki rayonu üzrə bələdiyyələrdən bildirildi ki, bununla bağlı şəhər icra hakimiyyətinə müraciət olunub və müsbət cavab alınıb.

Məlumat üçün bildirək ki, təkcə ötən il ərzində Gəncə şəhəri üzrə dayanma- durma qaydasını pozan 21 min sürücü inzibati qaydada cərimə olunub.

Elton Cabbarlı