• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2557
— 21.01.2016 18:07

Məhsəti Gəncəvi Kitabxanasının oxucularının sayı günbəgün artmaqdadır

2014-cü ilin aprel ayından istifadəyə verilən Məhsəti Mərkəzinin daxilində Mərkəzi Kitabxana Sisteminin filialı da fəaliyyət göstərir. Mərkəzə gələn ziyarətçilər kitabxananın fondundan yararlana bilərlər.

Məhsəti Gəncəvi Kitabxanasının fondu 2361 nüsxədən ibarətdir. Oxuculara Azərbaycan və dünya ədəbiyyatının klassikləri, müasir yazarların əsərləri saxlanılır. Kitabxanada eyni zamanda uşaq ədəbiyyatı, ensiklopediyalar və dövrün mətbuat nəşrləri, qəzet və jurnallar oxuculara təqdim olunur. Burada Azərbaycan dili ilə yanaşı, rus və digər xarici dillərdə olan əsərləri görmək mümkündür.

Esmira Həsənova -Məhsəti Gəncəvi Kitabxanasının müdiri: "Əsasən Azərbaycan müəlliflərinin klassik və müasir əsərlərinə müraciət olunur. Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Mirzə Şəfi Vazehin əsərləri oxunur. Dünya, xüsusi ilə də rus ədəbiyyatından L.N.Tolstoy, M.F. Dostoyevski, F. Kafkanın kitablarını götürüb oxuyurlar".

Mərkəzə gələn ziyarətçilərin kitabxanaya marağı böyükdür. Ötən il oxucuların sayı 3194 olub. Bu ilin əvvəlindən isə kitabxanaya müraciət edənlərin sayı 571-dir.  

Esmira Həsənova - Məhsəti Gəncəvi Kitabxanasının müdiri: "Oxucularımız arasında gənclər üstünlük təşkil edir. Həm mərkəzə gələnlər müraciət edir kitabxanamıza, həm də öz fəal oxucularımız var. Bununla yanaşı yaşlı oxucularımız da var.  Onlar daha çox dövrün mətbuatını oxumaq üçün gəlirlər".

Kitabxanaya gələ bilməyən oxucuların tələbləri isə elektron qaydada ödənilir. Bu günə kimi MKS-nin elektron kitabxanasına 800-dən artıq virtual müraciət daxil olub. Elektron kitabxananın fondunda isə hazırda 1700-dən artıq kitab var.

Gülnar Fazilqızı