• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4774
— 19.01.2016 11:24

Ağstafa sakininin maraqlı peşəsi və ya köhnə alətə verilən yeni nəfəs

Köhnə və istifadəyə yararsız qarmonları kökləyir, onlara yeni həyat verir. Ağstafa sakini düz 30 ildir həyatını bu işə həsr edib.

Ali təhsilli iqtisadçı olan 67 yaşlı İslam Süleymanov hələ 7 yaşında musiqiyə maraq göstərib. Atasının aldığı kiçik qarmon onu bu musiqi alətinə möhkəm bağlayıb. Musiqi təhsili almasa da, gənc yaşlarında Rusiyanın Tula şəhərinə yollanaraq burada məşhur ustalardan bu musiqi alətinin necə təmir olunduğunu öyrənir. Bunun üçün 4 ilini sərf edir.

Usta son dövrlər qarmona marağın azaldığını deyir. Bir alətin köklənməsi prosesinə gəlincə, buna 3-4 gün, bəzən bir həftədən də artıq vaxt sərf olunur. Ölkənin müxtəlif bölgələrindən musiqiçilər öz qarmonlarını təmir üçün məhz İslam ustanın yanına gətirir. İslam Süleymanovun tamamilə yenidən düzəltdiyi “Azərbaycan qarmonu” görənləri heyran edir. Milli ornamentlərlə bəzədilən qarmon 5 aya ərsəyə gətirilib. Əl işinin qiyməti isə 1500 manatdır.

Qeyd edək ki, 19-cu əsrin sonlarından Azərbaycan milli musiqi mədəniyyətinin bir hissəsinə çevrilən qarmonun ilk ifaçılarından biri şuşalı Çəkməçi Hüseyn olub. Azərbaycan qarmonu üzrə ilk tədris vəsaitini isə professor Fərahim Sadıqov 1986-cı ildə hazırlayıb.

Rahim İbrahimoğlu