• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3389
— 19.01.2016 14:01

Gəncədə 20 Yanvar şəhidlərinə həsr edilən tədbirlər təşkil edilib

Azadlıq uğrunda canından keçənlərin xatirəsi anılıb.

Gəncə Şəhər Səhiyyə İdarəsində təşkil edilən tədbirdə 26 il bundan öncə baş verən qanlı faciə yada salınıb. Həmin günün Azərbaycanın şərəf tarixinə qanlı hərflərlə həkk olunduğu vurğulanıb. Bu qanlı tarix bizim həm qürur yerimiz, həm də faciəmizdir. Xalqımız nə qədər itki versə də, əyilmədi və bununla da öz qırılmaz iradəsini nəinki düşmənə, bütün dünyaya bəyan etdi.

Gəncə Dövlət Universitetində “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi“ mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransdan əvvəl iştirakçılar qanlı Yanvara həsr olunan kitab sərgisi ilə tanış olublar. Çıxış edənlər bildirib ki, Sovet ordusunun qarşısına əli yalın çıxan xalqımız öz azadlıq eşqini və arzusunu bütün dünyaya nümayiş etdirib, öz qanı bahasına müstəqilliyini qazanıb. Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. 20 Yanvar faciəsi ilə bağlı Universitetdə rəsm, inşa yazı və şeir müsabiqələrinin keçirildiyi də diqqətə çatdırılıb. Faciəyə həsr olunan videoçarx nümayiş olunub. Tələbələr ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Anım günü ilə əlaqədar orta məktəb şagirdlərinin Nizami Gəncəvi adına Tarix-Diyarşunaslıq Muzeyinə ekskursiyası da təşkil edilib. Məktəblilərə 1990-cı il 20 Yanvar günü Bakıda baş verən dəhşətli hadisələr haqqında məlumat verilib. Onlar muzeydə nümayiş olunan fotoşəkillər və eksponatlarla tanış olublar. Məktəblilərə 20 Yanvar həqiqətlərinin əks olunduğu bukletlər paylanılıb.

Sonda 39 nömrəli tam orta məktəbin şagirdləri hazırladıqları əl işlərini nümayiş etdiriblər, şeirlər səsləndiriblər.

Ruhəngiz Hacızadə