• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2295
— 19.01.2016 13:59

Qərb bölgəsində dəmir yolunun yenilənməsi prosesi davam edir

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bu dəfə dəmiryolçular Alabaşlı-Şəmkir mənzilində 8,6 kilometr uzunluğunda dəmir yolunun yenilənməsini həyata keçirir.

Əsaslı təmir işlərini yeni yaradılan 11 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün əraziyə kifayət qədər işçi qüvvəsi və texnika cəlb olunub. İlkin olaraq köhnə yolun söküntüsü aparılır. Xüsusi texnikalarla yeni xəttin çəkilməsinə hazırlıq işləri görülür.

Alabaşlı-Şəmkir dəmir yolu xəttinin ümumi uzunluğu 8,6 kilometrdir. Bu mənzildə işlər tam başa çatdıqdan sonra Şəmkir-Dəllər arası dəmir yolu xəttinin dəyişdirilməsinə başlanacaq.

Proses daha sonra Gəncə-Alabaşlı mənzilində davam etdiriləcək. Ümumilikdə Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu xətti əsaslı təmir olunur. Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bugünədək 40 kilometr dəmir yolu əsaslı təmir olunub.

Nadir Əzməmmədo- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar  Cəmiyyətinin mətbuat katibliyinin rəisi: “Bir həftə ərzində bu işlər yekunlaşacaq. 8, 6 kilometr yol çəkiləcək. Bu ona görədir ki, gələcəkdə Bakı-Tbilisi-Qars dəmiryolu işə düşəndə Azərbaycan ərazisindən yüklərin və sərnişinlərin daha təhlükəsiz ötürülməsi təmin edilsin”.

“Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar  Cəmiyyətilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Natiq Hüseyn