• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4932
— 18.01.2016 14:47

Gəncədə pensiya artımları ilə bağlı hesablamalara başlanılıb

Prezident İlham Əliyevin pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə imzaladığı sərəncamla yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Sərəncam Gəncədə qeydiyyatda olan 45 min 412 pensiyaçıya şamil olunacaq. Dövlət Sosial Müdafiə Fondunun Kəpəz və Nizami rayon şöbələrində artımla bağlı hesablamalara başlanılıb.

Dövlət Sosial Müdafiə Fondunun Kəpəz Rayon Şöbəsində 25 min 170 pensiyaçı qeydiyyatdadır. Onlardan 299-u şəhid ailəsi, 14025-i yaşa görə, 4469-u ailə başçısını itirməyə görə, 8606 nəfəri əlilliyə, 102 nəfəri Çernobl hadisələrinə görə, 90 nəfəri siyasi represiyalara, 10 nəfəri Böyük Vətən Müharibəsi iştirakçısı və əlili olduğuna görə pensiya alır. Bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanması təmin edilir. Analoji işlər Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsində də aparılır.

Sevda Allahverdiyeva- DSMF-nin Nizami Rayon Şöbəsinin sektor müdiri: "Bu sərəncam Nizami rayonu üzrə 20 min 242 nəfər pensiyaçıya şamil olunacaq. Belə ki, bu pensiyaçılardan yaşa görə 11 min 373 nəfər, əlilliyə görə 7132 nəfər və ailə başçısını itirdiyinə görə 1720 nəfər pensiyaçı qeydiyyatdadır".

Artım, şöbə üzrə qeydiyyatda olan 129 nəfər şəhid ailəsinə, 40 nəfər siyasi represiyaya məruz qalaraq sonradan bəraət alan şəxsə və 119 nəfər Çernobl əlilinə də şamil olunacaq.

Xaliq Qurbanlı