• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2177
— 18.01.2016 14:02

Gəncə Şəhər Məşğulluq Mərkəzi işsiz vətəndaşlar üçün yeni iş yerləri təqdim edəcək

Hazırda Gəncə Şəhər Məşğulluq Mərkəzində 243 boş iş yeri var. Bu ayın sonuna kimi daha 200 vakant yer də əhaliyə təqdim ediləcək.

Gəncə Şəhər Məşğulluq Mərkəzində olan 243 boş iş yerindən 110-u həkim, tibb bacısı və laborant ştatı ilə bağlıdır. Digər vakant yerlər isə dövlət qulluğu və kommunal sahə ilə əlaqədardır. Təqdim olunan boş iş yerləri üçün əmək haqqının məbləği isə minimum 150 manat, maksimim 500 manatdır. Bu ayın sonunda Gəncə şəhərinə su və kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar ikinci layihəyə başlanılacaq. Bununla bağlı daha 200 vakant iş yeri təqdim olunacaq.

Abil Tağıyev- Gəncə şəhər Məşğulluq Mərkəzinin direktoru: “Biz onların rəhbərliyi ilə danışıq aparmışıq. Hazırda biz vətəndaşları qeydiyyata alırıq ki, 200-ə yaxın boş iş yeri olacaq. Biz o vətəndaşları ora göndərib, işlə təmin edəcəyik. Fəhlə, mühəndis yerləri var. Bizə onlar özləri yerləri təyin edib, verəcəklər. Biz o sahədə qeydiyyatda olan vətəndaşların siyahısını göndərəcəyik. 300 manatdan 700 manata qədər gördüyü işə görə məvacib olacaq”.

İşsiz qalan vətəndaşların sosial təminatı diqqət mərkəzində saxlanılır. Əgər vətəndaş işdən azad olunursa qanunauyğun olaraq həmin şəxs Məşğulluq Mərkəzində qeydiyyata alınır. Bir ay müddətində işlə təmin oluna bilmirsə, ona, 6 ay müavinət verilir.  

Abil Tağıyev- Gəncə şəhər Məşğulluq Mərkəzinin direktoru: “Aldığı maaşın 70 faizini 6 ay müddətində biz ona qaytarırıq. Onların iş stajları da 6 ay müddətində təmin olunur və əmək kitabçalarına yazılır ki, bizdə işləyiblər. Yanvarın 1-nə 80-ə qədər vətəndaş müraciət edib. Onları qeydiyyata almışıq ki, yanvar ayında məvacib verək”.

Ötən il Gəncə Şəhər Məşğulluq Mərkəzində qeydiyyatda olan işsiz vətəndaşların 561 nəfəri daimi işlə təmin edilib. Bunlardan 132 nəfəri ilin sonunda keçirilən əmək yarmarkasında işə göndəriş alıb.

Elnur Vahidoğlu