• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1953
— 16.01.2016 13:14

Əsgərə məktub

“Salam, əsgər qardaşım. Necəsən? Çoxmu soyuqdu səngər? Çoxmu üşüyürsən? Qış gələndən dərd də gəlib. Bütün gün yalnız səni düşünürük. Nənəm sənə yun corab toxuyur. “Yağı kimi qış gəlib”, - deyir, “balam üşüməsin”. Eynəyinin şüşəsi qırıldı deyə tamamlaya bilmədi. Yoxsa bu məktubla bir yerdə göndərəcəkdim. Hələ “xörək də hazırlayıb yollayın” deyirdi. Güclə inandırmışıq ki, ay nənə, hərbi hissədə onlara hər cür yemək verirlər. Evdən heç nə göndərməyə ehtiyac yoxdur. Paltarları da tər-təmiz olur. Nənəmin yadında keçmiş dövr qalıb. Elə bilir indi də elədir əsgərlik. O gün “Əsgər” verilişi gedirdi. Çağırıb göstərdik ki, nənə, bax, gör indi əsgərlərə necə şərait yaradıblar. Kazarmaları, yeməkxanaları gördü, ondan sonra ürəyi yerinə gəldi.

Səninlə qürur duyuram, əziz qardaşım. Vətənə xidmətdən qalmadın, üstəlik ön cəbhədəsən, düşmənlə göz-gözə dayanmısan. Keçən dəfə şəkillərini aparmışdım məktəbə. Sinif yoldaşlarım baxıb, bir bilsən, necə həvəsləndilər. Hamısı “biz də gedəcəyik hərbi xidmətə, o formanı biz də geyinəcəyik” deyirlər. Əsgərlik əsl kişilik məktəbidir axı.

Xəbərlərə baxıram hər gün. “Düşmənin xüsusi təyinatlı kəşfiyyat-təxribat qrupunun hücumunun qarşısı alınıb. Erməni hərbi qulluqçular məhv edilib”, - deyəndə ürəyim dağa dönür. Bilirəm ki, Azərbaycan Ordusunun bu uğurunda sənin də payın var. İnşallah, o gün olsun qələbə xəbərini çatdırsınlar bizə. Əminəm, gec-tez o gün də gələcək. Prezidentimizin bütün çıxışlarını izləyirəm. Deyir, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Biz hamımız buna inanırıq. Onu da bilirik ki, bizim dövlətimiz qan tökülməsini istəmir, hər şeyin sülhlə həll olunmasına çalışır. Kim istəyər oğlunu, qardaşını, atasını itirsin, analar gözüyaşlı qalsın?

Hər gün Allaha dua edirəm, sən, bütün əsgərlər sağ-salamat olsun deyə. Qayıdacağın günü səbirsizliklə gözləyirəm. Təqvim də düzəltmişəm. Hər keçən günü qaralayıb, qalan günləri sayıram. Ən böyük arzum odur ki, sən əsgərlikdən gələndə qələbə xəbərini də gətirəsən!

Sənə mətin ol, düşmənin layiqli cavabını ver, Vətənə şərəflə xidmət et demək artıqdır. Çünki bilirəm ki, özün bunları hamıdan yaxşı bilirsən və canla-başla xidmət edirsən.

Əziz qardaşım, özündən, əsgər yoldaşlarından, bir də ən əsası Vətəndən muğayat ol! Vətən sizə əmanətdir, siz də Allaha əmanət olun!

Hamının salamı var sənə.

Yolunu səbirsizliklə gözləyən bacın”.

Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar” adlı müsabiqəsinə təqdim olunur

 

Vəfa Şairova