• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3447
— 13.01.2016 16:10

Qərb bölgəsində “donuz qripi”nə qarşı profilaktik tədbirlər gücləndirilib

Son günlər həmsərhəd ölkələrdə “donuz qripi”nə yoluxma hallarının sayının artması ilə Azərbaycanda da profilaktik tədbirlər gücləndirilib. Baxmayaraq ki, ölkədə “donuz” qripinə yoluxma faktı qeydə alınmayıb.

İki ölkə ilə sərhəddə yerləşən Qazax rayonunda da qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Arzu Novruzovun sözlərinə görə, bu günə qədər rayonda virusla bağlı hər hansı şübhəli hal qeydə alınmayıb. Bununla belə, Qazax Diaqnostika Mərkəzinin Yoluxucu xəstəliklər və uşaq xəstəlikləri şöbələrində xüsusi palatalar ayrılıb.

Səhiyyə nazirinin "Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmrinə əsasən, Gəncə şəhərində də profilaktik tədbir olaraq müvafiq təyinatlı dərman preparatları və qoruyucu vasitələrlə təmin edilən xüsusi palata hazırlanıb.

Qeyd edək ki, səhiyyə nazirinin müvafiq əmrinə əsasən, ağır kəskin respirator xəstəlik halları barədə məlumat daxil olduğu halda dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməli, şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılmalıdır. Həmçinin respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinə əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb.

Rahim İbrahimoğlu