• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2974
— 11.01.2016 17:01

Bahalaşan qiymətlər və ucuzlaşan manatın fonunda ailə büdcəsini necə tənzimləməli?

Devalivasiyanın müxtəllif sahələrə təsiri ilə bağlı müəyyən materiallar təqdim etmişik. Mütəxəssislər son günlər ümumi ailə büdcəsini gündəmin prioritetinə çevirib. Belə ki, normal yaşayışımızı təmin etmək üçün əlavə xərcləri təxirə salmalıyıq.

Artıq günlərdir ki, manatın məzənnəsinin aşağı düşməsi, baş verən devalivasiya hər sahəyə öz rakursundan təsir göstərir. Bir də hər birimizin bağlı olduğumuz ailə bağı var. Hansı ki, onun da öz büdcəsi formalaşır. Bahalaşan qiymətlər və ucuzlaşan manatın fonunda bu büdcəni necə tənzimləməliyik? Necə etməliyik ki, həm ac qalmayaq, həm də pulsuz?!

Əhalinin maddi durumunun normal olması üçün, ya gələn gəlirlərin miqdarı artmalı, ya da məhsulların qiyməti ucuzlaşmalıdır. Mövcud durumda sadalananlar mümkün olmadığından ailə büdcəsinə qənaət məsələsi aktuallaşır. Ailə büdcəsinin planlaşması isə, izafi xərclərin azaldılmasıdır. Əhalinin fikrincə bu mümkündürmü?!

Cavanşir Osmanlı -şəhər sakini: "Qənaət deyəndə ki, gərək olsun imkan, biz də qənaət edək. Ailə saxlayırıq, dolandırmaq lazımdır".

Flora Nəcəfova -şəhər sakini: "Yaşayırıqsa hər şeyə qənaət etmək də olmur. Məcburuq ayaqlaşaq".

Arif Verdiyev -şəhər sakini: "Təxirə salmaq olmur. Nəyi təxirə salaq? Yemək yeməyək?"

Xeyir yemək yeyək. Çünki ac olanda hirsli oluruq. Hirsli başda isə ağıl olmur. Ağılla düşünəndə isə təxirə salacağımız xərclər var. İqtisadçı ekspertlər də belə düşünür.

Məsim Abadov- iqtisadçı ekspert: "Bu gün bizə hansısa bahalı qida məhsulu, məsələn, delikates almaq vacibdirmi? Yaxud geyimdə. Mənim indi qış geyimi almağım önəmlidirmi, yoxsa ötən ildən qalan paltarları istifadə edə bilərəm? İnanın ki, alacağınız məhsulların 50%-dən imtina edəcəksiniz. Çünki görəcəksiniz ki, bu sizə birinci vacib deyil".

Vaxtilə çək- çevir etmədən pul xərcləyən insanlar da indi büdcəyə qənaət etmək müəyyən psixoloji problemlər yarada bilərmi?!

Tərlan Babayeva- psixoloq: "Bu danılmaz bir faktdır ki, əhalidə müəyyən mənada ruh düşkünlüyü yaranıb. İzafi xərcləri azaltmaq olar, müəyyən xərcləri də ixtisar etmək olar, lakin bu da vəziyyətdən çıxış yolu deyil. Hətta əhalinin zəif təbəqəsi depressiya ilə üz üzə qala bilər".

Qənaətə görə, depressiyaya düşməkdənsə, ailə büdcəmizi formalaşdırmalıyıq. Əl qərəz, biz yeməyə görə depressiyaya düşəcək xalq deyilik. Hələ nə az, nə çox 9 əsr bundan öncə Xanım Məhsəti də demişdi: “Qənaət əzizlər tamah xar edər, az olan şeylərə qənaət gərək”.

Zülfiyyə Telmanqızı