• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2974
— 11.01.2016 16:09

TQDK regional bölmələrində seminarlara başlayıb

Bu gündən TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində seminarlara başlanılıb. Seminarlarda VI və VIII siniflərdə istifadə olunan dərslik dəstlərinin geniş müzakirəsi aparılır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında və Komissiyanın Regional bölmələrində keçirilən elmi-metodiki seminarların əsas məqsədi ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsidir. TQDK-nın və Təhsil Nazirliyinin birgə layihəsi olan "Dərslik portalı"nın yaradılması ilə müzakirələrə online şəkildə qatılmaq mümkündür.

Nəsimi Məmmədov -TQDK-nın Gəncə Regional Bölməsinin müdiri: ""Dərslik portalı"ndan qeydiyyatdan keçən fənn müəllimləri, həmçinin dərslik portalına daxil olaraq ümumi qrafikə uyğun olaraq dərsliklərin müzakirəsində iştirak edə, dərsliklərlə bağlı fikirlərini, irad və təkliflərini bildirə bilərlər".

Ümumi və tam orta təhsil səviyyələri üzrə elmi-metodiki seminarların iş qrafiki ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet saytı vasitəsi ilə tanış olmaq olar.

Respublikanın ümumtəhsil məktəblərində istifadədə olan I - XI sinif dərslikləri, dərs vəsaitləri və digər tədris vasitələri ilə bağlı aparılan müzakirələrdə müəllimlərlə yanaşı, valideyn və şagirdlər də iştirak edə bilərlər. Bunun üçün TQDK-nın rəsmi internet səhifəsinə daxil olaraq "Dərslik portalı"ndan qeydiyyatdan keçmək kifayətdir.

"Dərslik portalı" fəaliyyətə başlayandan bu günədək 2000-dən artıq müəllim qeydiyyatdan keçib. Portalın izlənmə sayı isə 1 milyondan artıqdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Gəncə Regional Bölməsindən ötən il qəbul imtahanı dövründə elektron ərizələrdə və ya ixtisas seçimi zamanı buraxılan səhvlərlə bağlı edilən müraciətlər haqqında da məlumat verilib. Vətəndaşlar tərəfindən bölməyə 150-dən artıq yazılı müraciət daxil olub.

Nəsimi Məmmədov - TQDK-nın Gəncə Regional Bölməsinin müdiri: "İnternet, facebook, telefon əlaqələrimiz var. Vətəndaş istədiyi vaxt TQDK-nın özünə və Regional Bölmələrə müraciət edə və lazımi tezliklə məlumat əldə edə bilərlər. Olunan müraciətlər təbii ki, tez bir zamanda araşdırılır və vətəndaşa lazımi məlumatlar verilir".

Ali məktəblərə qəbul zamanı TQDK-nın Gəncə bölməsinə üz tutanların sayı daha çox olur. Həmin dövrdə bölməyə gün ərzində şifahi olaraq 200-ə yaxın vətəndaş müraciət edir.

Gülnar Fazilqızı