Bu günə xəbərlərin oxunma sayı: 713
— 07.10.2014 09:09

İlk dünyəvi qız məktəbi

Bu gün ilk dünyəvi qız məktəbinin yaradılmasından 113 il ötür. Şərq ölkələri içərisində Azərbaycan mədəniyyətinə, elmə, musiqiyə hər zaman xüsusi önəm verib, eləcə də müsəlman türk qadınının maariflənməsi, cəmiyyətdə və ailədə layiqli mövqeyə sahib olması üçün bir sıra işlərdə öncüllük göstərib. Bu işlər arasında qadınların təhsil alması xüsusi yer tutur. Tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə müsəlman Şərqində yaradılan ilk dünyəvi qız məktəbinin Bakıda açılması bunu bir daha sübut edir.

Bu təhsil ocağının qadınların savadlanması və bilik alması sahəsində gördüyü işlər illər keçsə də, xatırlanır.

Fəxrəddin  Mürsəqulov - tarixçi: “Azərbaycanda qız məktəbləri XIX əsrin 90-cı illərindən açılmağa başlayıb. İlk dəfə Şamaxıda Ömər Faiq Nemanzadə, onun yoldaşı və qızı Şəfiqə xanım açıb. İkinci qız məktəbini Şəkidə Məhəmməd Hafiz Şeyxzadə açıb. Bakıda isə, ilk qızlar məktəbi 1901-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən açılıb və o, Ö.F.Nemanzadənin qızı Şəfiqə xanımı Şamaxıdan gətirərək, həmin məktəbi idarə etməyə gətirib”.

Qadınlarımızın dünyagörüşünün formalaşmasında, sözsüz ki, bu məktəbin rolu danılmazdır. "Anası savadsız olan xalq kordur", deyən xeyriyyəçi H.Z.Tağıyev millətin tərəqqisində qadının rolunu düzgün qiymətləndirib, türk-islam aləmində ilk dünyəvi qadın təhsil ocağının əsasını qoymaqla maariflənmə işinə böyük töhfə verib.

Bir gün Hacı Zeynalabdin Tağıyevdən soruşurlar ki, niyə oğlanlar üçün deyil məhz qızlar üçün məktəb açdırmaq qərarına gəldin? Bu zaman o belə cavab verir: “Əgər bir kişi təhsil alarsa, bu yalnız savadlı bir insan olması deməkdir. Amma, bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ananın olması deməkdir. Savadlı anaların isə gələcəkdə düzgün cəmiyyətin qurulmasında əhəmiyyəti böyükdür”.

Azərbaycan tarixinə "Tağıyevin Qız Məktəbi" kimi daxil olan məktəbin binasının tikintisinə 1898-ci ildən başlanılıb və 1901-ci ildə inşaat işləri sona çatdırılıb. Böyük hazırlıqlardan sonra 1901-ci il oktyabrın 7-də keçmiş Nikolayevski küçəsində yerləşən, rəsmi adı "Bakı Aleksandrinskaya Rus-Müsəlman Qadın Məktəbi" olan, lakin xalqın yaddaşında "Tağıyevin Qız Məktəbi" kimi əbədiləşən təhsil müəssisəsinin təntənəli açılışı olub.  

1913-cü ildən Qız Məktəbi seminariyaya çevrilib, burda müəllimlər hazırlayan ikiillik kurslar da fəaliyyətə başlayıb. 1918-ci il mart qırğınları zamanı məktəb bağlanıb. Cümhuriyyət dövründə isə onu bərpa etmək mümkün olmayıb. Lakin ötən əsrin əvvəllərində yetişən Azərbaycan ziyalı qadınlarının böyük əksəriyyətini məhz bu məktəbin məzunları təşkil edir.

"H.Z.Tağıyevin məktəbi" kimi tanınan bu təhsil ocağının ənənələri illər keçsə də, bundan sonra da xatırlanacaq və araşdırılacaq.

 

Nazənin Zaman