• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2308
— 08.01.2016 15:31

Ölkədə xarici valyutanın alqı-satqısı ilə bağlı yeni qaydalar tətbiq edilir

Azərbaycanda nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin ediləcək. Bu, Mərkəzi Bankın təsdiqlədiyi   "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nda öz əksini tapıb.

Yeni qaydalara əsasən, mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır.

Oqtay Məmmədli– iqtisadçı-ekspert: “Mərkəzi Bankın bu qaydanı müəyyən etməkdə məqsədi ondan ibarətdir ki, Azərbaycandan valyuta ehtiyatları, xüsusilə beynəlxalq ticarətdə istifadə olunan dönərli valyuta ehtiyatları ölkədən xaricə axmasın. Əgər ölkədən xaricə axarsa onda aydın məsələdir ki, valyuta ehtiyatları azala bilər, iqtisadiyyatımıza da mənfi təsir göstərə bilər”.

Yeni qaydalarda ən maraqlı məqam odur ki,  əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər. Əmrdə şöbənin nömrəsi, ünvanı, məzənnələr və məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı əks etdirilir. Tədavülə yararlı olan nağd xarici valyutanın məbləğinə, buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli məzənnələr təyin edilə bilməz.

Oqtay Məmmədli – iqtisadçı-ekspert: “Əgər Azərbaycanda 43-ə qədər bank varsa və bunların hardasa 40-a qədəri kommersiya bankıdırsa, Mərkəzi Bank bunlara səlahiyyət verir ki, məzənnəni özləri müəyyən etsinlər”.

Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə, mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır.

Bahadur Şakiroğlu