• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1646
— 08.01.2016 14:33

ADAU-dan maraqlı gəzinti

Ölkədə qeyri-neft sektorunun, xüsusən aqrar sahənin inkişafı dövlətin diqqət mərkəzində olan məsələlərdəndir. Sözsüz ki, bunun üçün ilk növbədə kənd təsərrüfatı üzrə yüksək ixtisaslı kadrların hazırlanması əhəmiyyət daşıyır. Respublikada aqrar sahə üzrə kadr yetişdirən yeganə ali təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universiteti bu istiqamətdə maraqlı addım atıb.

Artıq 2-ci ildir ki, Azərbaycan Dövlət Aqrar Universiteti Gəncədə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün universitetin müxtəlif fakültələrinə tanışlıq məqsədilə gəzintilər təşkil edir. Məqsəd ali məktəbə hazırlaşan məzunlarda aqrar sahəyə maraq yaratmaqdır. Gəncənin 4 və 29 nömrəli məktəblərinin şagirdləri də universitetin Baytarlıq fakültəsində olublar. Şagirdlər təhsil üçün yaradılan şəraitlə əyani şəkildə tanış olmaq imkanı əldə ediblər. Layihə ətraf rayonların məktəblilərini də əhatə edəcək.

Telman Musayev- ADAU-nun sənəd qəbulu üzrə məhsul katibi: “İnşallah mart ayından sonra isə biz regionlarda olan orta məktəblərin məzunları ilə görüşlər keçirəcəyik. Universitetin professor və müəllim heyətinin həmin məzunlar qarşısında çıxışları olacaq. Çalışacağıq ki, onların da bir qrupunu dəvət edək və onları da əyani şəkildə universitetimizlə tanış edək”.

Universitetlə tanışlıq, tədris prosesi şagirdlərin marağına səbəb olub.

Fatimə Nəsirova- şagird: “Məncə belə tədbirlərin keçirilməsi bizim üçün çox əhəmiyyətlidir. Digər universitetlərdə bu cür tədbirlər keçirilsə gələcəkdə uğurlu seçim edə bilərik”.

Nurtən İmanova- şagird: “Öz adımdan istərdim ki, başqa universitetlərdə də hər şey bu səviyyədə, yəni yüksək səviyyədə təşkil olunsun. İstərdim ki, gələcəkdə ixtisas seçimində bu universiteti seçim”.

Layihə Gəncənin bütün ümumtəhsil məktəblərini əhatə edəcək.

Elton Cabbarlı