• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1030
— 07.01.2016 15:19

Samuxda gənclər ordu sıralarına yola salınıb

Ölkə ərazisində çağırış yaşı çatan gənclərin ordu sıralarına yola salınması prosesi davam etdirilir. Samux rayonunda da çağırışçılar həqiqi hərbi xidmətə yollanıb.

Gənclər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölməsində həkim müayinəsindən keçiblər. Tədbir gənclərin ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməsi ilə başlayıb. Çağırışçılar ulu öndərin adını daşıyan mərkəzdə Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən bölmələrlə tanış olublar.

Əşrəf Həmzəyev- çağırışçı: “Çox sevinirəm ki, mən hərbi xidmətə gedirəm. Uşaqlıqdan arzum olub ki, böyüyüm, əsgərliyə gedim. İnşallah, vətənimə layiqli oğul olaram”.

Yolasalma mərasimində çıxış edənlər ordumuzun inkişafı üçün görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıblar. Müstəqil Azərbaycanın milli ordusunda xidmət etməyin ən böyük şərəf olduğunu bildiriblər.

Adil Həmzəyev- valideyn: “Bu gün mən oğlumu hərbi xidmətə yola salıram. Sevincimin həddi-hüdudu yoxdur. Bütün çağırışçılara uğurlar arzulayıram”.

Polad Ələsgərov- çağırışçı: “Bütün valideynlər kimi mən də sevinirəm. Arzu edirəm ki, bütün əsgərlərimiz sağ-salamat öz ailələrinə geri qayıtsınlar”.

Yola salınma mərasimi mahnı və rəqslərlə davam edib. Sonda gənclər dövlət bayrağımızı öpərək, bölgü üzrə hərbi hissələrə yola salınıblar.

 

Natiq Hüseyn