• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 725
— 07.01.2016 12:46

Tikinti bazarlarında vəziyyət nə yerdədir?

Yanvarın 1-dən Azərbaycanda mədən vergisi artırılıb. Bunun bəzi materialların qiymətinə təsirini öyrənmək üçün əməkdaşlarımız tikinti bazarlarındakı vəziyyəti araşdırıb. Məlum olub ki, bazarda durğunluq olsa da, həqiqətən qiymət artımı var. Amma bunun səbəbi başqadır.

Tikinti materialları bazarlarında passivlik müşahidə olunur. Lakin bu qiymətlərin düşməsinə səbəb olmayıb. Əksinə, bəzi inşaat materiallarının qiyməti artıb. Bu ilk növbədə manatın devalvasiyası ilə bağlıdır. Mədən vergisinin artmasının qiymətlərə təsirinə gəlincə isə...

Azər Məmmədov -12 saylı Ərazi Vergilər Departamentinin şöbə rəisi: “1 yanvar 2016-cı ildən qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə dəyişikliyə əsasən, konkret olaraq 216.2-ci maddəyə edilmiş dəyişikliyə əsasən, qeyri- filiz qazıntılarından tutulan mədən vergisinin məbləği müəyyən qədər dəyişilmişdir. Burda üzlük daşlar istisna olmaqla, digər bir sıra qeyri- filiz qazıntılarının hər kub metrindən tutulan mədən vergisi, misalçün 50 qəpikdən 1 manata qədər artırılmışdır".

Göründüyü kimi verginin artımı çox cüzidir və bu qiymətlərə təsir edə bilməz. İndiyə qədər seolit, barit, mişar daşları, çınqıl xammalı, kvars qumları, tikinti qumları, sement xammalının hər 1 kubmetri üçün 50 qəpik mədən vergisi tutulurdusa, yanvarın 1-dən bu vergi 1 manata qədər artırılıb. Qiymətli və yarımqiymətli bəzək daşları üçün mədən vergisi 4 manatdan 6 manata qaldırılıb. Üzlük daşları üçün verginin məbləği isə dəyişməyib. Üzlük daşlarının hər 1 kubmetri üçün yenə də 1 manat vergi alınacaq. Gəncənin tikinti bazarlarında apardığımız müşahidələr göstərdi ki, inşaat materiallarının qiymətində artım olmayıb.

Elnur Abbasov – satıcı: "Yanvarın 1-dən bu günə alıcılıq qabiliyyəti çox zəifdi. Amma sementdə heç bir artım müşahidə olmayıb. Nə hansı qiymətə gəlibsə, o qiymətə də satışımız var. Sadəcə alıcılıq qabiliyyəti çox zəifdir".

Alıcılıq qabiliyyətinin yüksəlməsi isə ölkədə ümumi iqtisadi vəziyyətin sabitləşməsindən asılıdır. Buna görə də mütəxəssislərin fikrincə, tikinti bazarlarında durğunluq hələ bir müddət davam edəcək.

 

Bahadur Şakiroğlu