• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2323
— 07.01.2016 10:07

Gəncə Aşihara Karate İdman klubu...

Gəncə Aşihara Karate idman klubunun müəllimi olan Azər Eminbəylinin idman karyerası məhsuldar olması ilə bərabər, eyni zamanda maraqlı tarixçəsi ilə də fərqlənir. 1980-ci illərin əvvəlllərində Şotakan Karate idman növü ilə həvəskar şəkildə məşğul olan müsahibimiz bunun səbəbini Sovetlər dönəmində karatenin dövlət tərəfindən idman növü kimi qadağan olunması ilə izah edir. Azərbaycanın müstəqlillik əldə etməsi bir çox sahələrdə olduğu kimi idmanda da müsbət dəyişikliklərə səbəb olub. Əvvəllər video-dərsliklərlə bilik və bacarıqlarını təkmilləşdirən idman ustası sonralar Aşihara Karate idman növü ilə peşəkar şəkildə məşğul olmağa başlayıb.

Azər Eminbəyli- idman ustası: “Aşihara Karatenin yaradıcısı Xidiuki Aşiharanın adı ilə bağlıdır. O, məşhur idman ustası Masitaçu Ayamanın tələbəsi olub, Kokşin karateni ondan öyrənib. Biz isə 1998-ci ildə fəaliyyətə başladıq. Əvvəllər isə kassetlər vasitəsi ilə bu idman növünü öyrənirdik. Rəsmi şəkildə, yəni federasiya kimi 2000-ci ildən fəaliyyətə başladıq”.

Aşihara Karete idman növünün digərlərindən müəyyən fərqləri var ki, onlardan başlıcası bütün döyüş və müdafiə idman sahələrini özündə birləşdirməsidir. Bundan başqa Aşihara Karatenin əsas fəlsəfəsi bu idmanla məşğul olanların təbiətən səbirli olması və şiddətə qarşı birmənalı mövqe tutmalarıdır.

Azər Eminbəyli-idman ustası: “Adından da məlum olduğu kimi karate idman növlərindən biridir. Burada oxşar şeylər çoxdur. Fərqli cəhəti isə daha dinamik döyüşə yönəlməsidir. Əsas fərqi rəqibin başına diz ilə zərbə vurmaqdır. Bu heç bir karate növündə yoxdur”.

Bu idman sahəsi ilə məşğul olanlar üçün başlıca şərt tələb olunmasa da, o, fiziki sağlamlıq üçün əhəmiyyətli xüsusiyyətlərə malikdir. Həkim yoxlamasından keçən hər bir şəxs bu idman növü ilə məşğul ola bilər. Hər bir idmançıya fərdi yanaşıldığını deyən, onların hərəsinin özünəməxsus psixologiyasını nəzərə alan idman ustası Azər Eminbəyli şagirdlərini peşəkar bir idmançı kimi yetişdirməklə yanaşı, onların şəxsiyyət kimi formalaşmasına da təkan verir.

Azər Eminbəyli-idman ustası: “Bu gün Beynəlxalq Federasiyanın təsdiq etdiyi rəsmi tədris planımız var. Bizim məşqlərimiz sadədən mürəkkəbə doğru gedir. Yeni gələn şagirdə yüksək texnika tələb edən, ağır zərbələr deyil, yüngül döyüş tədris olunur. Bura sadə əl zərbələri və müdafiə növləri daxildir”.

Gəncə Aşihara İdman məktəbinin yetirmələrin bu günə kimi istər respublika daxilində, istərsə də beynəlxalq arenalarda bir sıra  uğurlar əldə ediblər. Bu uğurlar sırasına Rumıniya, Hollandiya, Danimarkada keçirilən mötəbər turnirləri nümunə göstərmək olar.  

 

Eşqin Zahid