Bu günə xəbərlərin oxunma sayı: 895
— 06.01.2016 18:39

Yuxarı Qarabağ kanalı üzərində nasos stansiyanın tikintisi planlaşdırılır

Ermənilər Tərtər çayının qarşısını kəsdiyindən Yevlax və Tərtər rayonlarının bir sıra kəndlərində suvarma suyuna olan tələbat tam ödənilmir. Yevlax Suvarma Sistemləri İdarəsi problemi birdəfəlik aradan qaldırmaq üçün Yuxarı Qarabağ kanalı üzərində nasos stansiyanın tikintisini planlaşdırır.

Oqtay Bədəlov- Yevlax SSİ-nin baş mühəndisi: “Qarabağ kanalından çəkib, nasos stansiyası tikməklə, 2000 min hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək mümkündür. Yəqin ki, gələcək illərdə plana salınıb, tikiləcək”.

Mənbəyini Mingəçevir su anbarından götürən Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları vasitəsilə hazırda 240 min hektar əkin sahəsini suvarmaq mümkündür. Üzərində 119 ədəd hidrotexniki, 45 ədəd paylayıcı qurğu olan Yuxarı Qarabağ kanalının payına 11 rayonun suvarılan əraziləri düşür. Bu rayonlar içərisində isə Tərtərdəki torpaqların yalnız bir hissəsi Yuxarı Qarabağ kanalı vasitəsilə suvarılır. Hətta yay aylarında Araz çayında su qıtlığı yaranırsa, kanal vasitəsilə çaya əlavə su ötürülür. Bu da Yuxarı Qarabağ kanalının əhatə etdiyi rayonlarda qısamüddətli çətinliklər yaradır.

Şakir İmanov- Yuxarı Qarabağ Kanalı İstismar idarəsinin rəisi: “Beş-on gün müddətində çətinliklər olur - Araza su tələb olunan vaxt. Biz onları su ilə tam təmin edə bilmirik. Amma demək olar ki, 95 faiz kanalaltı ərazilər tam bol suvarma suyu ilə təmin olunur. Tərtər rayonunun da Qarabağ kanalı üzərində nasosları var. Onlar da mütamadi olaraq gecə-gündüz işləyirlər. Bu nasoslar müəyyən əraziləri tutur”.

Ümumilikdə, bölgədə əkin sahələrini daimi suvarma suyu ilə təmin etmək üçün suvarma kanalları mütəmadi olaraq lildən təmizlənir.

Aqil Məhərrəmov