• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2785
— 06.01.2016 14:39

Göygöldə çağırış yaşı çatan gənclər ordu sıralarına yola salınır

Həqiqi hərbi xidmətə çağırış davam edir. Göygöl rayonunda çağırış yaşı çatan gənclər ordu sıralarına yola salınıblar.

Çağırışçı gənclər yolasalınma mərasimindən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Gənclər həmçinin Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif illərinə aid fotostendlərlə tanış olublar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsində həkim nəzarətindən keçən çağırışçılar sağlamlıqları haqqında müsbət rəy aldıqdan sonra böyük ruh yüksəkliyi ilə təntənəli mərasimə qatılıblar.

İntizar Qasımova- valideyn: “Mən, bu gün nəvəm Asiman Qasımlını hərbi xidmətə yola salıram. Arzu edirəm ki, borcunu üz ağ, alnı açıq yerinə yetirsin. Ailəsinə sağ-salamat geri dönsün”.

Yolasalma mərasimində çıxış edənlər çağırışçı gəncləri təbrik edərək, müstəqil Azərbaycanın milli ordusunda xidmət etməyin ən böyük şərəf olduğunu söyləyib. Azərbaycan ordusunun güclü maddi-texniki bazaya malik olduğu və hərbi hissələrdə şəraitin ilbəil yaxşılaşdığı diqqətə çatıdırılıb. Rayon ağsaqqaları, valideynlər, çağırışçı gənclər çıxış edərək öz arzu və istəklərini ifadə ediblər. Çağırışçılar komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirəcəklərinə, onlara göstərilən etimadı nümunəvi xidmətləri ilə doğruldacaqlarına söz veriblər.

Elməddin Kərimov- çağırışçı: “Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Sevinirəm ki, vətənə olan borcumu yerinə yetirməyə yollanıram. Bütün hərbçi yoldaşlarıma uğurlar arzulayıram”.

Rəsmi hissədə ordudan təxris olunan gənclərə hərbi biletlər və qiymətli xatirə hədiyyələri təqdim olunub. Çağırışçı gənclər dövlət bayrağımızı öpməklə sədaqət andı içiblər. Tədbir şən və mahnı rəqslərlə davam edib.

Natiq Hüseyn