• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3267
— 05.01.2016 15:02

Dağ kəndlərilə avtomobil əlaqəsi bərpa olunur

Yeni ilin ilk günündən qərb bölgəsinə yağan qar daha çox yol təsərrüfatında problemlər yaradıb. Dağ rayonları, eləcə də ucqar yaşayış mətəqələrinə avtomobillərin hərəkətində çətinliklər yaşanıb. Yol təsərrüfatı işçiləri fəsadların aradan qaldırılması üçün fasiləsiz olaraq qabaqlayıcı tədbirlər həyata keçirirlər.

Göygöl rayonunda qralı-şaxtalı hava səbəbi ilə 41 saylı Yol İstismar İdarəsinin əməkdaşları gücləndirilən iş rejimində fəaliyyət göstərir. İdarə əməkdaşları respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın və bir sıra yerli əhəmiyyətli yollarda qabaqlayıcı tədbirlər həyata keçirir.

Bəzi rayonlara yağan güclü qar fəsadsız ötüşməyib. Xüsusilə də dağ kəndlərinə gediş-gəliş çətinləşib. Bu səbəbdən də, yol təsərrüfatı işçiləri bayramı iş başında keçirib.

Gəncə-Kəlbəcər-Laçın avtomobil yolundan gündəlik istifadə edən sürücülər ciddi problemlə üzləşmirlər. Onlar, təbiətin bu cür şıltaqlığına alışdıqlarını və avtomobillərini saz vəziyyətə gətirdiklərini deyirlər.

Hidayət Aslanov- sürücü: “Toğanalı kəndinə gedirik. Hələlik rahatçılıqdır, yollara yaxşı baxırlar”.

Ağaəli İsmayılov- sürücü: “Biz bu yola öyrəşmişik. Gərək sürücülər özləri özlərini qorusunlar. Nə qədər yaxşı sürücü olsan da, avtomobil də mövsümə cavab verməlidir”.

Yolları qardan və buzdan təmizləmək üçün 20 ton duz, 250 kubmetr qum tədarük olunub. Maşın mexanizmlər saz vəziyyətə gətirilib.

Şəmsi Nəcəfov- 41 saylı Yol İstismar İdarəsinin baş mühəndisi: “Bayram günlərində də fasiləsiz işlədik. Demək olar ki, bütün yollarımız açıqdır. Avtomobillərin hərəkətində heç bir maneyə yoxdur”.

Qərb bölgəsinin digər rayonları olan Daşkəsən və Gədəbəydə də qarlı-şaxtalı hava müşahidə olunur. Görülən qabaqlayıcı tədbirlər bu rayonlarda da özünü müsbət tərəfdən doğruldur. İlk günlər bəzi kəndlərlə əlaqədə çətinlik yaşansa da, artıq avtomobillərin hərəkətində problem yoxdur.  

Natiq Hüseyn