• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3267
— 05.01.2016 14:52

Gəncədə bayram günlərində təcili tibbi yardım çağırışlarının sayı 10-15% çoxluq təşkil edib

Gəncədə bayram günlərində təcili tibbi yardımla bağlı çağırışların sayı adi günlərə nisbətdə çox olub. Soyuq və qarlı hava şəraiti, eləcə də düzgün qidalanmama qaydalarının pozulması insanların səhhətində bir sıra problemlərə yol açıb.

Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, dekabrın 31-dən yanvarın 5-dək əsasən mədə-bağırsaq pozğunluğu, öd, qaraciyər, böyrəyin kəskin ağrıları və arterial təzyiqin yüksəlməsi kimi müraciətlərlə bağlı çağırışlar daxil olub.

Namiq Nəbiyev- Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi: "Ümumiyyətlə Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışıb. Bayram günlərində əvvəlki günlərə nisbətən çağırışların sayında artım hiss olunur. Bu artım 10-15 faiz arası təşkil edir. Bu da poliklinika və xəstəxanaların işləməməsi ilə əlaqədardır".

Yolların və səkilərin buz bağlaması səbəbindən bayram günlərində Gəncə və ətraf ərazilərdə yıxılaraq xəsarət alanların sayı da az olmayıb. Onlar da ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Məharət Kərimov- həkim: "Qeyri-iş günlərində qarla əlaqədar buzda yıxılma ilə şöbəyə 31 nəfər müraciət etmişdir. Hər bir xəstəyə lazımi ambulator müalicə göstərilmiş və lazımi təbirlər aparılmışdır".

Qarlı, buzlu hava şəraitində insanların daha diqqətli olması vacibdir. Yıxılıb xəsarət almaq istəmirsinizsə, ilk növbədə əlinizdə torba və ya çanta daşımaqdan imtina edin. Bu, həm tarazlığı təmin etmək, həm də yıxılarkən bədəninizi qorumaq üçün vacibdir. Qarlı havalarda enişə düşməkdən çəkinmək lazımdır. Bunun üçün...

Məharət Kərimov- həkim: "...Məsləhətimiz olardı ki, qarlı, çovğunlu və buzlu günlərdə insanlar dikdaban ayaqqabılar geyinməsinlər, ayaqqabılarına fikir versinlər. Enişli-yoxuşlu yollardan istifadə etməsinlər".

Yıxılma zamanı sümüklə bağlı yaranan problemləri dərhal anlamaq mümkün olmadığından həkimə vaxtında müraciət olduqca əhəmiyyətlidir.

Bahadur Şakiroğlu