• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3267
— 05.01.2016 14:30

Bayram günlərində Göygöl rayonuna gələn turistlərin sayında artım olub

Bayram günlərində Göygöl rayonuna istirahət üçün gələn turistlərin sayı ötən illərə nisbətən daha çox olub. Rayona gələn turistlərin əksəriyyətini yerli vətəndaşlar təşkil edib.

Geniş turizm potensialı olan, Kəpəz dağının ətəyində yerləşən, səfalı təbiətə malik Göygöl rayonu bayram günlərində turistlərin diqqətini daha çox cəlb edib. Onlar rayonun gəzməli-görməli məkanlarını, tarixi abidələrini ziyarət ediblər. Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, yeni ilin ilk günlərində rayona ümumilikdə 1000-ə yaxın turist gəlib ki,  onların da 250 nəfərdən çoxu xarici vətəndaşlardır.

Bayram günlərində Göygöl rayonuna gələn turistlər rayonun mərkəzi ilə yanaşı, ucqar dağ kəndlərinə də üz tutub. Göygöl rayonuna ən çox Rusiya, İran, Türkiyə, eləcə də Gürcüstandan turistlər gəlib.

Göygöl rayonunda 1 otel, 1 motel, 4 turizm istirahət mərkəzi fəaliyyət göstərir.

Şərqiyyə Hümbətova- Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri: “Yeni ilin gəlişi ilə əlaqədar qar yağdı. Bu da gələn turistlərin artmasına səbəb oldu. 7 turizm marşrutumuz var. O, turizm marşrutlarını elə nəzərdə tutmuşuq ki, tarixi abidələr olan əraziləri əhatə etsin. Gələn turistləri də həmin marşrutlar üzrə gəzdiririk və tarixi abidələri onlara göstəririk”.

Qeyd edək ki, 19-cu əsrdə almanlar tərəfindən tikilən evlər, eləcə də Göygöldə mövcud olan və dövlət tərəfindən qorunan 31 yerli, ölkə əhəmiyyətli tarixi abidə turizmin inkişafına xidmət edir. 

Elnur Vahidoğlu