• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1418
— 05.01.2016 11:39

Ölkə ərazisində baş verən ağır avtoqəzalarda ölən və xəsarət alanlar var

Ölkə ərazisində baş verən yol qəzaları yenə ağır nəticələrlə yadda qalıb. Qəzalar Lənkaran və Göygöldə ölümlə nəticələnib, Bərdədə baş verən qəzada sürücülər və sərnişin möcüzə nəticəsində sağ qalıb. Tovuzda iki nəfər xəsarət alıb, Şamaxıda isə avtomobil çaya düşüb.

Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Lənkəran-Boradigah şosesinin Separadi kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayonu, Mahmudavar kənd sakini Amid Dostəliyev idarə etdiyi “VAZ-21015” markalı minik avtomobili ilə  Lənkəranın Separadi kənd sakini 61 yaşlı Ayaz Salayevin idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Güclü zərbədən motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Motosikletin qoşqu yerində əyləşmiş sərnişin - 43 yaşlı Həmzə İsbərov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. İlkin ehtimala görə, “Vaz” markalı avtomaşının sürücüsü yüksək sürət ilə hərəkət edirmiş.

Göygöl rayonunda da sürücünün ölümü ilə nəticələnən qəza baş verib. Rayonun Zurnabad kəndində rayon sakini Eldəniz Quliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobili aşırıb. Hadisə nəticəsində sərnişinləri, həmyerliləri Rövşən İsayev və Səadət Vəliyeva xəstəxanaya yerləşdirilib, nəticədə Rövşən İsayev orada dünyasını dəyişib.

Bərdə rayonunda qeydə alınan qəzada isə sürüclər və sərnişinlər möcüzə ilə sağ qalıblar. Qəza, Bərdə-Yevlax avtomobil yolunun Bərdənin Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rəşad Məmmədovun idarə etdiyi “VAZ-2106” avtomobillə, Rəşad Yadigarovun idarə etdiyi “Mercedes” markalı minik maşını toqquşub. Toqquşmanın təsirindən “Mercedes”in sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sürücü Rəşad Yadigarov Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən minik maşınından çıxarılıb. Hər iki avtomobilin xəsarət alan sürücüləri və “VAZ-2106”da olan sərnişin, 27 yaşlı təvəllüdlü Fərqanə Məmmədova Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Avtomobillər isə yararsız hala düşüb.

Bakı-Qazax avtomagistralının Tovuz rayonu ərazisindən keçən hissəsində isə iki yol qəzası baş verib, nəticədə 2 nəfər xəsarət alıb. Rayonun Dönükqırıqlı kəndində Asim Məmmədovun idarə etdiyi "Mercedes" Məhəmməd Mehdiyevin sürücüsü olduğu "Vaz 21-07" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində hər iki avtomobil yoldan çıxıb. "Vaz 21-07"də olan Qazax rayon sakini, 48 yaşlı Pəri Mehdiyeva və onun 3 yaşlı övladı Nihat Mehdiyev müxtəlif dərəcəli xəsarətlər alaraq Qazax Diaqnostika Mərkəzinə çatdırılıblar.

Tovuzun Cəlili kəndi ərazisində isə paytaxdan Gürcüstana gedən ailə "Mercedes" markalı avtomobillə qəzaya düşüb. Avtomobil çevrilərək yol kənarındakı arxa düşüb. Xəsarət alan olmasa da, maşın yararsız hala düşüb.

Ötən gün axşam  saatlarında  Bakı-Şamaxı-Yevlax avtomagistralının  Ağsu  rayonu  ərazisindən   keçən  hissəsində də   yol  nəqliyyat  hadisəsi  baş  verib. Şamaxı  rayon  sakini  Hamlet  Bünyatovun  idarə  etdiyi  “Vaz-2106”  markalı  minik  avtomobili idarəetməni  itirərək  Ağsu  çayının  üzərindəki  avtomobil  körpüsünün  dəmir  məhəcərini  qıraraq  çaya  düşüb. Hadisə  nəticəsində    yüngul  xəsarətlər  alan sürücü  və ağır kəllə-beyin  travması  alan sərnişin  Şamarı  rayon  sakini  Amil  Bünyatov  Ağsu  rayon  Mərkəzi  Xəstəxanasına  yerləşdiriliblər. Hər  iki  yaralıya lazimi  tibbi  yardım  göstərilib.

Bütün faktlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

İlham Məmmədzadə