Xaçmazda ağır yol nəqliyyat hadisəsi baş verib. Yük abtomobili ilə minik maşının toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Qusar və Ağdaş rayonlarında qeydə alınan qəzalar da ölümlə nəticələnib.
Ötən gün gecə saatlarında Xaçmaz rayonunda yol qəzası qeydə alınıb. Hadisə Gəndov-Yalama yolunun 32-ci kilometrliyində baş verib. Xaçmaz rayon Palçıqoba kənd sakini Zakir Nəcəfovun idarə etdiyi “VAZ-21074” markalı minik avtomobili əks istiqamətdə hərəkətdə olan Rusiya vətəndaşı Yusup Kamilovun idarə etdiyi “VOLVO” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “VAZ-21074” markalı avtomobildə olan sərnişin 23 yaşlı, Xaçmaz rayon Palçıqoba kənd sakini Orxan Muradov hadisə yerində ölüb. Avtomobildə olan digər şəxslər Palçıqoba kənd sakinləri Elbrus Məlikov, Səlim Alışov və Süleyman Nəcəfov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Ağdaş rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib. Rayon sakini Elxan Şədiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən həmyerlisi Araz Cəbrayılovun idarə etdiyi “MTZ” markalı traktora vurub. Nəticədə Elxan Səmədovun sərnişinlərindən atası Məhəmməd hadisə yerində ölüb, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Qusar rayonunun İmamqulu kəndində isə kənd sakini Habil Abbasov idarə etdiyi “Opel” markalı avtomobillə həmkəndliləri Əliverdi Mirzəyevi və Ziyəddin Ağasıbəyovu vurub. Daha sonra isə hadisə yerini tərk edib. Əliverdi Mirzəyev yerindəcə ölüb, Ziyyədin Ağasibəyov isə xəstəxanaya yerləşdirilib. Məlumata görə, Abbasov hadisəni adıçəkilən şəxslərlə münaqişəsi olduğu üçün törədib. Qusar rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Habil Abbasov tutulub.
Faktlarla bağlı araşdırmalar aparılır.
İlham Məmmədzadə
- Baxış: 691