• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 775
— 29.12.2015 14:31

Ölkə ərazisində baş verən yol qəzaları ağır nəticələrlə yadda qalıb

Bakıda və Sumqayıtda piyadaların ölümü qeydə alınıb. Gəncədə zəncirvari qəza baş verib. Qaxda isə işə tələsən piyadanı maşın vurub.

Paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini Anar Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə səkidə dayanmış paytaxt sakini Babək Soltanovu vurub, idarəetməni itirdiyindən avtomobilini yolun kənarında dayanan  Məmməd Rüstəmova məxsus “Nissan” və Eşqin Vəliyevə məxsus “Mercedes” markalı avtomobillərə çırpıb. Nəticədə Babək Soltanov hadisə yerində ölüb, Anar Əliyev isə  2 sərnişini xəstəxanaya yerləşdirilib.

Sumqayıt şəhərində də ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Şəhər sakini Teymur Həsənov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən həmyerlisi Tatyana İbrahimovanı vurub. Xəstəxanaya yerləşdirilmiş Tatyana İbrahimova orada dünyasını dəyişib.

Qaxda da yol qəzası baş verib. İşə gedən qadını motoreller vurub. Hadisə Qax şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Qaxın Meşəbaş kənd sakini, 44 yaşlı Camali Zeynalaşvilinin idarə etdiyi "Motoreller" şəhər sakini, 50 yaşlı Asudə Yunusovanı vurub. Müxtəlif xəsarətlər alan qadın xəstəxanaya çatdırılıb. Cərrahiyə şöbəsinə yerləşdirilən xəstənin vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.

Gəncənin Nizami prospektində isə 3 “VAZ”ın toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Saat 14:00 radələrində 55 yaşlı şəhər sakini Hikmət Ağayev idarə etdiyi "VAZ 2106" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən N.Nərimanov prospektindən Nizami prospektinə manevr edən, Gədəbəy rayon sakini 36 yaşlı Namiq Abbasovun sürücüsü olduğu "VAZ 2105" markalı avtomobili arxadan vurub. "VAZ 2106" zərbənin təsirindən qarşıda, yol kənarında dayanan, Gəncə sakini 39 yaşlı Cavid Muxtarova məxsus "VAZ 2107" markalı avtomobilə dəyib. Qəza nəticəsində xəsarət alan olmasa da, hər 3 avtomobilə, xüsusilə də “VAZ 2106”-ya ziyan dəyib.

Faktlarla bağlı araşdırmalar aparılır.

İlham Məmmədzadə