• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2972
— 21.12.2015 12:47

İlk dəfə balıqçılıq təsərrüfatı yaradan qazaxlı fermerlər balıqları niyə sata bilmir?

Qazaxın Yuxarı Salahlı kəndində ilk dəfə olaraq balıqçılıq təsərrüfatı yaradılıb. Fermerlər ərazidə süni göllər düzəldərək ağ amur və çəki balığını bəsləməklə məşğuldurlar. Ancaq nəticə gözlədikləri kimi olmayıb. Çünki alıcıların təklif etdiyi qiymət onlara sərf etmir.

Bölgədə kənd təsərrüfatının gəlirli sahəsi hesab edilən balıqçılığı inkişaf etdirmək üçün 10-a yaxın fermer Kür çayının yaxınlığında müxtəlif ölçüdə süni göllər yaradıblar. Fermerlər artım üçün şərait olmadığından Salyan rayonundan gətirilən xırda balıqları böyüdərək satışını etməyi üstün tuturlar. Kiloqramını 5-7 manata aldıqları çəki və ağ amuru satmaq isə hazırda onlar üçün müşkülə çevrilib. Çünki alıcıların təklif etdiyi qiymət çəkdikləri xərci ödəmir.

Elvin Tanrıverdiyev- fermer: “Balıqları yetişdirmişik, satışa hazırdır. Ancaq qiymətə götə, satış etmək olmur. Alıcılar 3-4 manat təklif edirlər. Amma bu, bizə sərf etmir. Hesablayanda xərcimizi ödəmir”.

Abdulla Abdullayev- fermer: “7 manata almışıq, 3.50-4 manata istəyirlər. Bu da bizə sərf eləmir, ancaq 5 manata satsaq, bizə sərf edər. Bu günə qədər satıb qurtarmalıydıq artıq, amma heç 1 kq-da sata bilməmişik. Heç yaxınlaşan da olmur”. 

Satılmayan balıqlar suda qaldıqca çəki də itirirlər. Bundan başqa, balıqyeyən quşların canlılara qənim kəsilməsi dəyən ziyanı bir qədər də artırır. 15-16 min manat xərc çəkərək təsərrüfatda iş quran fermer bildirir ki, bu problem ərazidə satış nöqtəsinin yaradılması ilə həll oluna bilər.

2 hektar ərazidə böyüdülən balıqlar üçün il ərzində  20-25 ton yem, 100 bağdan artıq ot alınır. Süni göllərin müxtəlif hissələrindən tökülən arpa və buğda balıqların əsas qida mənbəyi hesab olunur.

Rahim İbrahimoğlu