• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3004
— 19.12.2015 12:02

Gəncədə abonentlərin evində qaz xətlərinə qanunsuz müdaxilə etdiyi müəyyən olunub

Ötən gün axşam saatlarında şəhərin Cavadxan qəsəbəsində keçirilən reyd zamanı 11 evdə belə hala rast gəlinib.

Reyd zamanı aşkar olunub ki, qəsəbə sakinləri tərəfindən daşıyıcı qaz xətlərinin dayaqları götürülərək qanunsuz şəkildə yeraltına salınıb. Torpaqda görünməz olan borudan isə mənzillərə qeyri-qanuni qaz xətləri çəkilib. Eyni zamanda Gəncə Regional Qaz İstismar İdarəsinin əməkdaşları torpaq altda qalan dəmir boruların keyfiyyətini itirdiyini və qazın ətrafa yayılaraq təhlükə yaratdığını müəyyən ediblər. 

Gəncə Regional Qaz İstismar İdarəsinin əməkdaşı: “Xırda diametrli borulardır, karroziyaya uyğradığından qaz itkiyə gedir, bu həm də ətrafda yaşayan abonentlərin qaz təminatına mənfi təsir göstərir. Tərəfimizdən dəfələrlə aşkar olunaraq kəsilməsinə baxmayaraq abonentlər bir müddətdən sonra yenidən qanunsuz olaraq xəttə qoşulurlar”.

İdarədən bildirilib ki, belə abonentlərə qarşı mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.

Azər Bayramov- Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi: "Borularla oğurluq çəkilibdir. Torpaq karroziyasına uğrayan dəmir borulardan qaz sızır və bu qaz mənzillərə, evlərin zirzəmilərinə dolaraq bədbəxt hadisələrə gətirib çıxarır. Keçirilən reyd nəticəsində 11 belə abonent  aşkar olunub. Hər birinin ayrı-ayrılıqda qaz xətti kəsilib və onlara işlətdikləri cihazlara uyğun olaraq akt tərtib olunub”.

İdarədən o da bildirilib ki, şəhər ərazisində mavi yanacaqdan qeyri-qanuni istifadə hallarına daha çox yeni salınan qəsəbələrdə rast gəlinir. Buna görə də həmin ərazilərə nəzarət daha da gücləndiriləcək.

Xaliq Qurbanlı