• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 875
— 18.12.2015 18:09

Respublika ərazisində 6 yol qəzası baş verib 2 nəfər dünyasını dəyişib 4 nəfər xəsarət alıb

Ötən gecə paytaxtda baş verən 4 qəzada 2 nəfər dünyasını dəyişib, 4 nəfər xəsarət alıb. Təəssüf ki, Ağcabədidə baş verən qəza da ölümlə nəticələnib. Yevlaxda isə iki avtomobil toqquşub. Xoşbəxtlikdən bu dəfə qəza xəsarətsiz ötüşüb.

Suraxanı rayonunda iki nəfərin ölümünə səbəb olan yol qəzası baş verib. Hadisə Yeni Günəşli qəsəbəsi V massivində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan Niva markalı avtomobil yolu keçmək istəyən ata ilə oğlunu vurub. Zərbənin təsirindən azyaşlı hərəkətdə olan avtobusa dəyib. Qəza nəticəsində hər iki piyada Ibrahim Xəlilov və azyaşlı oğlu hadisə yerindəcə dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya Nivanın yüksək sürətlə hərəkət etməsi və yolun qaranlıq olması səbəb olub.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Yoxlama zamanı Nivanın sürücüsünün sərxoş olması məlum olub. O, polis tərəfindən saxlanılıb.

Anoloji hadisə Agcabədidə də qeydə alınıb. Rayonunun Yuxarı Qiyaməddinli qəsəbəsində qəsəbə sakini Adil Qasımov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə həmyerlisi Əlizamin Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada dünyasını dəyişib.

Paytaxtın Nərimanov rayonunda da yol qəzası baş verib. Şərq bazarı adlanan ərazidə motosklet piyadanı vurub. Qəza nəticəsində piyada Dmitriy Prokfeyev və motoskletdə sərnişin olan Aysel adlı xanım xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Nəsimi rayonunda isə xanım sürücülər yol qəzası törədiblər. 24 yaşlı Şəfa Qurbanova kia markalı avtomobillə Bülbül prospekti ilə hərəkətdə olarkən yoluna digər xanım sürücünün idarə etdiyi eynimarkalı avtomobil çıxıb. Toqquşan nəqliyyat vasitələrindən biri  maneəni aşaraq pilləkənlərdən  zirzəminin keçidinə düşüb.

Qəza zamanı Şəfa Qurbanova və 55 yaşlı Gülnarə Qurbanova xəsarətlər alıblar. Ilkin ehtimala görə qəzaya Şamil Əzizbəyov küçəsi ilə hərəkət edən Kianın sürücüsünün gözləmə nişanına məhəl qoymaması səbəb olub.

Yevlax şəhərinin Füzuli küçəsində isə Elxan Həşimovun idarə etdiyi “OPEL”  markalı avtomaşın həmin küçə ilə hərəkətdə olarkən qarşıdan gələn Mayıs İsazadənin idarə etdiyi “Mersedes” markalı avtomobilin hərəkət yoluna çıxıb. Nəticədə avtomobillər toqquşub.   Toqquşmadan sonra “Opel” yol kənarında yerləşən ağaclardan birinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb.  

Faktlarla bağlı araşdırmalar aparılır.