• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 05.10.2014 13:41

4-cü Bakı Beynəlxalq Hümanitar forumun iştirakçıları Göygöl rayonunda olublar

Rayonun tarixi keçmişi və turizm potensialı ilə yaxından tanış olan qonaqlar daha sonra Naftalan şəhərinə yola düşüblər.

4-cü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Göygöl rayonu ilə tanışlığa Heydər Əliyev parkından başlayıblar. Rayon rəhbərliyi istirahət məkanı haqqında qonaqlara ətraflı məlumat verib. 24 ölkədən gələn 50-ə yaxın nümayəndə parkdakı şəraiti yüksək qiymətləndiriblər. Daha sonra qonaqlar rayonun küçə və prospektlərini gəzərək, burada almanlar tərəfindən inşa olunan tarixi evlərlə tanış olublar. Əsaslı şəkildə yenidən qurulan Lüteran kilsəsi və orada sərgilənən eksponatlar xarici qonaqların diqqətini cəlb edib.

Xeyrulla Seydullayev- Tacikistanın sabiq spikeri: “Göygöl rayonu çox xoşuma gəldi. Rayon çox səliqəli və təmizdir. Eyni zamanda insanları da mehribandır. Bizim ölkədə də üzüm bağları var. Burada da bu sahəyə böyük maraq göstərilir”.

Yol səthindən 74 metr hündürlükdə yerləşən Dövlət Bayraq meydanından rayonun panoramasını izləmək isə qonaqlar tərəfindən daha maraqla qarşılanıb. Forum iştirakçıları rayonun sosial infrastruktur imkanları ilə də tanış olublar. Bu məqsəd ilə qonaqlar Göygöl Şərab Zavodunda olublar. Qonaqlara məlumat verilib ki, zavod 1819-cü ildə almanlar tərəfindən inşa olunub. Əvvəllər zavodun şərabları yalnız Rusiya bazarlarında satılırdısa hazırda Avropada da Göygöl şərablarına maraq böyükdür. Göygöl rayonundan sonra forum iştirakçıları Naftalan şəhərinə yola düşüblər.

Natiq Hüseyn