• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1841
— 15.12.2015 14:18

Şəmkirin daha 3 kəndinə təbii qaz verilib

Şəmkir rayonunun Qaralar, Yuxarı Çaykənd və Günəşli kəndlərinin sakinləri ilk dəfə mavi yanacaqdan istifadə edəcəklər.

Qaralar kəndi Şəmkir rayonunda qazlaşdırılan sayca 51-ci yaşayış məntəqəsidir. Kəndi mavi yanacaqla təchiz etmək üçün müxtəlif diametrli borularla birpilləli sistem əsasında uzunluğu 8841 metr olan daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 152 abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bu münasibətlə kənddə təşkil olunan tədbirdə bildirilib ki, Qaralar kəndi ilə yanaşı, dağ kəndləri olan Günəşli və Yuxarı Çaykəndin sakinləri də ilk dəfə mavi yanacağın verilişinə sevinirlər.

Qurban İsmayılov- sakin: “Bizim kəndin sakinləri mavi yanacaq olmayanda çox əziyyət çəkib. Bu gün inana bilmirik ki, bizə də növbə gəlib çatıb və evlərimiz təbii qazla qızdırılacaq”.

Flora Qurbanova- sakin: “Bağlardan meyvə ağaclarını kəsib yandırırdıq. Ekologiyaya məcburi ziyan vuruduq. Artıq bu kimi hallar arxada qaldı. Biz də mavi yanacaqdan istifadə edəcəyik”.  

Bununla da Şəmkirdə təbii qazdan istifadə edən abonentlərin sayı 40 minə çatıb. Yaxın vaxtlarda rayonun qazlaşdırlmayan digər yaşayış məntəqələri də mavi yanacaqla təchiz ediləcək. Qeyd edək ki, Qaralar kəndi məsafə baxımından Samux rayonuna yaxın olduğu üçün kəndin qazlaşdırılması sözügedən rayondan həyata keçirilib.

Natiq Hüseyn