• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1990
— 14.12.2015 16:13

Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin reabilitasiya mərkəzinin xidmətlərindən xeyli sayda uşaq və yeniyetmə faydalanır

Uşaq və yeniyetmələrin müdafiəsi, inkişafı, sağlamlıqlarının qorunması, istirahətlərinin təşkili, valideyn himayəsindən yayınan və xüsusi qayğıya ehtiyacı olan azyaşlılara köməkliyin göstərilməsi. Bütün bunlar Uşaq Fondu Gəncə şəhər təşkilatının fəaliyyət planının bir hissəsidir. Həm Gəncə, həm də ətraf rayonlardan xeyli sayda uşaq və yeniyetmə fondun nəzdində fəaliyyət göstərən Reabilitasiya Mərkəzinin xidmətlərindən bəhrələnir.

Uşaq Fondu Gəncə şəhər təşkilatı qərb regionunda yaşayan uşaqlar və valideynlərlə çalışaraq onlara informasiya-məsləhət xidməti göstərir. Fondun nəzdində fəaliyyət göstərən Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin reabilitasiya mərkəzində 5 mütəxəssis çalışır. Burada əsasən daun sindromlu, autizmdən əziyyət çəkən, hiperaktiv, nitqində qüsur olan uşaqlarla iş aparılır, valideynlərə psixoloq xidməti və hüquqi yardım göstərilir.

Təranə Ələsgərova - valideyn: "Reabilitasiya mərkəzinə iki ildir gəlirəm. Çox şadam ki, bura gəldim. Bura gələndə övladım danışmırdı. Lakin indi danışır".

Mərkəzdən bəhrələnən 5 uşaq şəhərin müxtəlif orta məktəblərində təhsil alır. Məşğələləri izlədiyimiz zaman autizmdən əziyyət çəkən bəzi uşaqların ünsiyyət qurmağa çalışdıqda, əsasən türk dilində sözlər işlətdiklərinin şahidi olduq. Onsuz da az danışan bu uşaqların, dedikləri bir-iki sözü də Azərbaycan dilində deyil, başqa dildə səsləndirməsinin səbəbini Mərkəzin pedaqoqları uşaqların vaxtının çoxunu televizor qarşısında, xarici cizgi filmlərinə baxaraq keçirmələri ilə əlaqələndirdi. Əksər valideynlər övladlarının sakit olduğunu görüb, onları televizor qarşısından ayırmırlar. Bu da zamanla azyaşlıların nitqində və psixologiyasında qüsurların yaranmasına səbəb olur.

Reabilitasiya Mərkəzindən hazırda 50-ə yaxın uşaq bəhrələnir. Hər bir uşaqla fərdi şəkildə məşğul olunsa da, həftədə iki dəfə qrup şəklində məşğələlər təşkil olunur.

Qrup məşğələləri həftənin 1-ci və 5-ci günləri həyata keçirilir. Pedaqoqlar bu tip məşğələnin uşaqlar üçün olduqca faydalı olduğunu deyirlər.

Tünzalə Novruzova - pedaqoq: "Birinci günlər biz azyaşlı uşaqlarla, beşinci günlər isə yeniyetmələrlə məşğul oluruq. Qrup məşğələsində uşaqlar bir-biri ilə tanış olurlar, ünsiyyət yaradırlar. Bir növ cəmiyyətə adaptasiya olmağa çalışırlar".

2003-cü ildən fəaliyyət göstərən Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin reabilitasiya mərkəzinin xidmətlərindən bu günə kimi 300-dən artıq uşaq və yeniyetmə bəhrələnib.

Gülnar Fazilqızı