• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1946
— 14.12.2015 12:31

Azərbaycan Texnologiya Universitetinin yataqxana kompleksinin əsaslı təmirinə başlanılıb

Kəpəz TV (Region TV) xəbər verir ki, təmirdən sonra yataqxanada ali təhsil ocağının 900-ə yaxın tələbəsi qala biləcək.

Yataqxana kompleksi  430 və 460 yerlik iki 5 mərtəbəli binadan ibarətdir. Ötən əsrin 80-ci illərdə inşa olunan yataqxana kompleksində 1993-cü ildən məcburi köçkünlər məskunlaşıb. Ötən il dövlət proqramına uyğun olaraq onlar yeni yaşayış massivinə köçürülüb. Təhsil Nazirliyinin sifarişi əsasında kömpleksin ərazisində hasarlama işlərinə, eləcə də dam örtüyünün dəyişdirilməsinə başlanılıb.

Vüqar İsmayılov- Azərbaycan Texnologiya Universitetinin prorektoru: "Birinci növbədə yataqxananın bərpa olunması, otaqların işlək vəziyyətə gətirilməsidir. Burada yardımcı tikililər olaraq 2 yeməkxana da mövcuddur. Bunlar da əsaslı təmir olunaraq tələbələrin istifadəsinə veriləcək. Yataqxana kompleksinin ərazisində bundan başqa tələbələr üçün kitabxana və digər istirahət yerləri nəzərdə tutulur. Bütün bu proseslər mərhələli şəkildə həyata keçiriləcək".

Layihəyə uyğun olaraq, yataqxanada 1-ci korpus oğlanlar, 2-ci korpus isə qızlar üçün nəzərədə tutulur. Hazırda ali təhsil müəssisəsində 2500-ə yaxın tələbə təhsil alır və onların 60 faizi müxtəlif bölgələrdən gələnlərdir.

2017-2018-ci tədris ilində əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə veriləcək  Azərbaycan Texnologiya Universitetinin yataqxana kompleksi ali təhsil ocağında oxuyan 900-ə yaxın tələbənin mənzil şəraitini yaxşılaşdıracaq.

Xaliq Qurbanlı