• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1403
— 12.12.2015 17:59

Heydər Əliyev: "Biz hamımız - harda yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı - Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik"

Azərbaycan Respublikası dünya birliyinin layiqli subyekti olmaq üçün hərtərəfli maddi, mənəvi, iqtisadi və siyasi bazaya malikdir. Bu bazanın əsasını təşkil edən potensial isə məhz XX əsrin 70-80-ci illərində Ümummili lider Heydər Əliyev tərəfindən qoyulub desək, yanılmış olmarıq. Respublikanın ikinci böyük şəhəri olan Gəncədə də iqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması hər zaman Heydər Əliyevin diqqət mərkəzində olub. Məhz onun Azərbaycana rəhbərlik etdiyi illərdə Gəncədə xeyli sayda müəssisələr yaradılaraq əhalinin xidmətinə verilib.

Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Gəncəyə xüsusi diqqət yetirib və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün lazımi qərarlar verib. Ulu öndər təkcə 70-80 illərdə Gəncəyə dəfələrlə səfər edib. Həmin illərdə Gəncədə istehlak malları istehsal edən müəssisələr şəbəkəsi genişləndirilib. Əvvəllər mövcud olan yüngül və yeyinti sənayesi sahələri inkişaf etdirilməyə, habelə elektronika, əlvan metallurgiya, sulfat turşusu, mineral gübrələr, çini qablar istehsalı meydana gəlib. 20-dən çox yeni istehsal müəssisəsi tikilərək istifadəyə verilib.

Həmin dövrdə sənaye məhsuları istehsalı 66 faiz çoxalıb, əmək məhsuldarlığı 47,5 faiz yüksəlib. Gəncə Hava Limanı fəaliyyətə başlayıb, "Yeni Gəncə" yaşayış massivi, "Alüminiumçular" və "Gülüstan" qəsəbələri salınıb. Həmin illərdə səhiyyə sahəsində də xeyli işlər görülüb. 80-ci illərdə Gəncədə 2225 çarpayılıq 17 xəstəxana, 6 dispanser, 196 həkim əhaliyə xidmət göstərirdi. Gəncədə elmin, təhsilin inkişafı da daim diqqət mərkəzində olub.

Təbii ki, şəhərin iqtisadi inkişafını təmin etməklə yanaşı, onun tarixini və mədəniyyətini qorumaq da vacib idi. Bunu isə o vaxtkı hakimiyyətin diqqətini çəkmədən etmək lazım idi...

70-80-ci illərdə Gəncədə görülən işlərin miqyasını təxmin etmək üçün,  sadəcə bir rəqəmi qeyd etmək bəlkə də kifayətdir. Məhz həmin dövrdə şəhərdə 70-dən artıq təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri meydana gəlib.

1993-cü il 10 iyun... Həmin ərəfələrdə Azərbaycan vətəndaş müharibəsinin astanasında idi. Ölkənin dünya siyasi xəritəsindən silinməsi təhlükəsi var idi. Həmin günlərdə Heydər Əliyev Azərbaycanın siyasi rəhbərliyində təmsil olunmurdu və Gəncəyə el ağsaqqalı kimi səfər edir...

Həmin ilin dekabr ayında isə Heydər Əliyev Gəncəyə Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi ilk səfərini edir...

Heydər Əliyev Gəncəyə növbəti illərdə də səfər edib. Bütövlükdə o Gəncədə 9 dəfə olub. Təbii ki, bura onun uşaqlıq illəri daxil deyil. Bəlkə elə Gəncəyə göstərilən diqqət, qayğıya şəhərin tarixi və strateji önəmi ilə yanaşı, Heydər Əliyevin həyatının kiçik bir bir hissəsinin Gəncədə keçməsi də təsir edib. Axı uşaqlıq xatirələri unudulmur...

Gülnar Fazilqızı