• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2050
— 12.12.2015 16:49

Gəncənin daha bir prospekti milli ornamentlərlə bəzədilir

Gəncədə  aparılan abadlıq işləri çərçivəsində Atabəylər prospektində də quruculuq işləri görülür. Tərtibat işlərində qədim Gəncə ornamentlərinə üstünlük verilir.

Atabəylər prospektinin tərtibatının müəllifi Gəncənin baş rəssamı Şərif Şərifovdur. Kərpiclə hasarlanan prospekt xüsusi layihə əsasında bəzədilir. Hasarın üzərinə mozaika ilə Gəncənin qədim üslubunu özündə əks etdirən ornamentlər vurulur. Prospektin başlanğıcında yola xüsusi gözəllik verən və qədim ipək yolunu əks etdirən dəvə karvanı təsvir edilib.  Hündürlüyü 2 m,  eni 1 m olan 7 ədəd buta da hasara xüsusi gözəllik verəcək. Prospektə yaraşıq verən əsas elementlər isə 7 müxtəlif quruluşda və görkəmdə olan xalça təsvirləridir. Burada prospektin sağ və sol hissələrinə Nizami və Məhsəti xələfləri, sələfləri adlı abidə də qoyulur.  Abidə qədim Gəncə qalasını əks etdirəcək və divara Nizaminin, Məhsətinin əsərlərini təsvir edən kompozisiya həkk olunacaq.

Şərif Şərifov- Gəncə şəhərinin baş rəssamı: “Bura Gəncənin qədimliyini həkk eləyən, Gəncənin qədim formalarını, yəni kərpic modulundan istifadə olunması, haşiyələr qədim hasarlar bir daha yada salır. Gəncənin qədim kərpic naxışları ustalıqla düzəldilmiş kompazisiyalar burada özünu büruzə verir”.

Nizami və Məhsəti xələfləri, sələfləri adlı abidənin üzərinə qədim Gəncənin 4 min illik tarixi barədə məlumatlar da yazılacaq. Bütün işlərin bir aya kimi başa çatdırılması planlaşdırılır.

Elnur Vahidoğlu