• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1299
— 11.12.2015 19:21

Zaqatala və Bakıda ölümlə nəticələn yol qəzaları olub

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə ötən gecə saat 23:00 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb. Kənd sakini 50 yaşlı Şahid Ramazanov “VAZ 21 074” markalı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarında tikilmiş, kənd sakini İdris Məmmədova məxsus tövlənin daş hasarına çırpılıb. 50 yaşlı Şahid Ramazanov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Bakıda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dekabrın 10-da saat 11:00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Qazax rayon sakini Elçin Mustafayev idarə etdiyi “Ford Tranzit” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən Hacıqabul rayon sakini Nemət Eminov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Paytaxtda baş verən digər bir qəzada isə piyada vurulub. “İsuzu” markalı yük avtomobilinin sürücüsü maşını arxaya verərkən 53 yaşlı İmaməddin Fazilovu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Müayinə zamanı İmaməddin Fazilovun kəllə-beyin travması və çoxsaylı sınıq xəsarətləri alması məlum olub. Sürücünün ifadəsi alınıb, avtomobil cərimə meydançasına yerləşdirilib.

Abşeron rayonunda da yol nəqliyyat hadisəsi baş verib. Bakı-Sumqayıt yolu ilə Sumqayıt istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən 32 yaşlı Məhərrəm Əsgərovu vurub. Yaralını sürücü özü xəstəxanaya çatdırıb. Həkimlər piyadaya kəllə-beyin travması diaqnozu qoyublar. Sürücünün ifadəsi alınıb. Sürücü bildirib ki, öz yolu ilə hərəkətdə olarkən dayanacaqda dayanan avtobusun qarşısından qəfil piyada çıxıb. O da avtomobili saxlaya bilməyərək piyadanı vurub.

Bütün faktlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

İlham Məmmədzadə