• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2814
— 08.12.2015 13:49

Gəncənin bəzi küçələrində su və kanalizasiya xətlərinin çəkilməsi prosesi yekunlaşmaq üzrədir

Gəncə şəhərinin bir hissəsində su və kanalizasiya xətlərinin çəkilməsi yekunlaşmaq üzrədir. Gəncəçayının sağ sahilini əhatə edən işlərin 1-ci mərhələsi başa çatdıqdan sonra gələn il 2 mərhələyə start veriləcək.

Gəncə şəhərinin Əziz Əliyev, Nəcəf bəy Vəzirov, Qaçaq Nəbi, Lermantov, Puşkin, Krılov, Qoqol və digər küçələrində işlər son mərhələdədir. 4500 metr uzunluğunda müxtəlif diametrli və təyinatlı borular vasitəsilə çəkilən xətlərin evlərə birləşdirilməsi aparılır. Yaxın günlərdə abonentlərin mənzilinə müasir tipli sayğacların quraşdırılmasına da başlanılacaq.

Əziz Əliyev və ona bitişik 6 küçənin su və kanalizasiya xətlərinin çəkilməsi işləri artıq yekunlaşmaq üzrədir. Bundan sonra həmin ərazinin sakinləri Qızıl Qaya su anbarının hesabına 24 saat fasiləsiz suyla təmin olunacaqlar.

Aparılan işlər şəhərin Bayraq Meydanı və ətrafında olan küçələrdə də yekunlaşmaq üzrədir. Burada 3 min metr uzunluğunda çəkilən yeraltı su və kanalizasiya borularında birləşmə işləri aparılır.

Elmar Vəliyev -Gəncə şəhər İcra Hakimiyyətinin başçısı: "Əhməd Cəmil küçəsində, həmçinin Bulvarın yuxarı hissəsində olan küçələrə su və kanalizasiya xətləri çəkilməsi yekunlaşıb. Ərazidə tezliklə asfaltlama işləri aparılacaq. Əziz Əliyev prospektində də layihə başa çatır. İşlər tam bitdikdən sonra yolun asfaltlanması, işıqlanması aparılacaq. Şəhərin Göygöl istiqamətindən tutmuş sona qədər işləyəcəyik və şəhərin gözəl bir prospektinə çevriləcək".

Podratçı şirkət tərəfindən şəhərin Gülüstan qəsəbəsində də su və çirkab suların axıdılması üçün xətlərin çəkilməsi tam başa çatmaq ərəfəsindədir. Qeyd olunan yaşayış massivinə yaxın vaxtlarda fasiləsiz içməli su verilməsi təmin olunacaq.

Xaliq Qurbanlı