• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1430
— 07.12.2015 16:24

Gəncə mədəniyyəti “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Bakıda təqdim olunacaq

Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı layihəsinin növbəti ünvanı Gəncə olacaq. Zəngin mədəniyyəti, bənzərsiz adət-ənənələri ilə fərqlənən qədim şəhərin paytaxta təqdimatı dekabrın 14-də baş tutacaq.

Gəncəni Bakıda təmsil edəcək kollektivlər məşqlərə ötən aydan başlayıb. Hazırlanan proqrama görə, Gəncənin tanınmış incəsənət ustalarının da çıxışları ilə yanaşı, şəhərin zəngin mədəniyyəti və adət-ənənəsi də nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı yeni layihəsinə bu ilin əvvəlindən başlanılıb. Gəncənin mədəniyyət və incəsənət ustalarının dekabr ayının ortalarında layihə çərçivəsində təqdim edəcəyi proqram maraqlı, eləcə də yeniliklərlə dolu olacaq.

"Bölgələrdən paytaxta" adlı layihənin məqsədi istedadlı gənclərin üzə çıxmasına, tanınmasına və gələcəkdə Azərbaycan mədəniyyətinə töhfələr verməsinə şərait yaratmaqdır.

Bəxtiyar Muradov- Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi:  “Akademik Milli Dram Teatrının qarşısında, foyedə rəsm sərgisi, dekorativ tətbiqi sənət sərgisi, Gəncə mətbəxi nümunələri sərgilənəcək, şəhərdə fəaliyyət göstərən sənətkarların əl işləri orada nümayiş etdiriləcək. Sonra Gəncə haqqında videoçarx nümayiş etdirəcəyik. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin, Gəncə şəhər İcra Hakimiyyəti başçısının çıxışı gözlənilir. Daha sonra Gəncənin mədəniyyət və incəsənət ustalarının konserti nəzərdə tutulur”.

2015-ci il ərzində Gəncəyədək Masallı, Lənkəran, Şəki, İsmayıllı, Qəbələ, Şəmkir, Quba, Gədəbəy və Abşeronun Bakıda mədəni tədbirləri keçirilib.

Elnur Vahidoğlu