• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 05.12.2015 13:45

Gəncənin yolları təmir olunur, yeni küçə və prospektlər salınır

Gəncədə şəhərdaxili yollar təmir edilir. Həmçinin yeni küçə və prospektlər salınır.

Son bir neçə ildir şəhərdə iri infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı şəhərdaxili yollar qazılıb və zədələnib. Bunun nəticəsi olaraq yollarda avtomobillərin rahat və intensiv hərəkəti üçün müəyyən problemlər yaranır. Xüsusən də qış aylarında yollarla hərəkət təhlükəli hal alır. Bütün bunlar nəzərə alınaraq, artıq bir neçə müddətdir ehtiyac duyulan küçə və prospektlərdə asfalt örtükləri cari və ya əsaslı təmir olunur.

Elmar Vəliyev- Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: “Əhməd Cəmil küçəsinin kanalizasiya və su layihəsi başa çatdırılıb, tezliklə ora da asfaltlanacaq. Həmçinin Əziz Əliyev prospektində infrastruktur layihəsi başa çatır və çox güman ki, dərhal da asfaltlanması, işıqlandırılması həyata keçiriləcək və gözəl bir prospektə çevriləcək”.

Təmir işləri ilə yanaşı, Gəncədə bu ilin sonuna və gələn ilin birinci yarısına kimi  bir neçə yeni küçə və prospektin salınması da nəzərdə tutulub.

Elmar Vəliyev- Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: “Hal-hazırda Ramada Plaza otelinin qarşısındakı dairədən başlayaraq Daşkəsən yoluna qədər yeni bir prospekt işlənilir. Bundan əlavə, “İmamzadə” yolunda yeni Atabəylər prospekti salınır. Həmçinin “İmamzadə”dən Bakı yoluna çıxan  yol əsaslı şəkildə yenidən qurulur. Gələn il “İmamzadə”dən dəmiryolunun altı ilə “Azpetrola” qədər 19,2 km yeni yol çəkiləcək”.

Qeyd edək ki, hazırda 28 may prospektindən Daşkəsən yoluna qədər uzunluğu 4 km-dən artıq olan yeni yolun tikintisi həyata keçirilir. İşlərin iki həftə ərzində başa çatdırılması nəzərdə tutulur.

Elton Cabbarlı