• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1320
— 04.12.2015 16:26

GDU və ATU-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı tədbirlər keçirilib

Dövlətimizin islam dininə hörmətindən, insanların dini etiqadlarını uyğun olaraq tam sərbəst ibadət edə bilmələrindən danışılıb. Buna baxmayaraq, bəzən din pərdəsi altında gizlənərək dövlətə, xalqa xəyanət planlaşdıranların əməlləri pislənilib.

Gəncə Dövlət Universitetində “İslam-sülh, mehribanlıq, dözümlülük, tolerantlıq dinidir” mövzusunda tədbir keçirilib. Ali təhsil ocağının professor, müəllim və tələbələrinin qatıldığı toplantıda “İslam sülh və qardaşlıq dinidir”, “Müasir Azərbaycanda dini tolerantlıq məsələsi” adlı çıxışlar olub. Ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğundan danışılıb. Bildirilib ki, Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq. Tədbirdə islam dini pərdəsi altında dövlətimizə qarşı edilən xəyanət pislənilib.

Asif Cavadov- GDU-nun prorektoru: “Bəzi qüvvələr din pərdəsi altında bizim dövlətçiliyimizə və müstəqilliyimizə zərbə endirirlər. Bu cür radikal qruplaşmaların üzvləri bilsinlər ki, bu gün Gəncə Dövlət Universiteti məhz islam dinindən müxtəlif vasitələrlə istifadə edənlərin yeritdiyi bu siyasəti pisləyir, lənətləyir”.

Azərbaycan Texnologiya Universitetində keçirilən tədbirdə də Azərbaycanda vətəndaş həmrəyliyi, dini tolerantlığın mövcudluğu və bunun bütün dünyaya nümunə olmasından danışılıb. Ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu mənada dövlətə, hakimiyyətə qarşı çıxan, əmin-amanlığımızı, xoş güzəranımızı gözü götürməyənlər din pərdəsi altında məkrli hərəkətlərə yol verirlər. Bu, dövlətə, xalqa qarşı cinayətdir. Törədilən cinayət isə öz cəzasını almalıdır. Tədbirdə Bakının Nardaran qəsəbəsində baş verənlər bir daha pislənilib və bu cinayəti törədənlərin cəzalandırılmalı olduğu  vurğulanılıb. 

Elnur Vahidoğlu