• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1380
— 03.10.2014 17:17

Qaxda iki yol qəza hadisəsi baş verib

Ötən gün Qax rayonu ərazisində də iki yol qəza hadisəsi baş verib. Qəzalardan birində sərnişin avtobusu aşıb, digərində isə piyada vurulub. Nəticədə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

İlk qəza zamanı sərnişin avtobusu ilə minik avtomobili toqquşub. Hadisə Qax rayonu Turaclı kəndi ərazisində baş verib. Qəza zamanı Şəki rayonu Baş Göynük kənd sakini Əmrahov Məmməd idarə etdiyi “LAZ” markalı sərnişin avtobusu ilə, Qax rayonu Turaclı kəndi istiqamətində hərəkətdə olarkən qarşıdan gələn avtomobilin yoluna çıxıb. Nəticədə avtobus qarşıdan gələn Mingəçevir şəhər sakini Məmmədov Zaurun idarə etdiyi “VAZ 21015” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu aşıb, minik maşını isə güclü deformasiyaya uğrayıb. Qəza nəticəsində VAZ-ın sürücüsü Zaur Məmmədov, onun sərnişinləri Rəcəbov Elnar, Əmranov Fərqan və  sərnişin avtobusunda olan sərnişinlər Ağasıyeva Ceyran Əmrahova Sevda müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, xəstələrdən 3-nün vəziyyəti orta-ağır hesab olunur. Qəza törədən sərnişin avtobusunda 15 nəfərə yaxın sərnişin olub. Onlar Şəkinin Baş Göynük kəndindən Qax rayonunun Turaclı kəndinə hüzur mərasiminə gedirlərmiş. 

Digər qəza zamanı isə piyada vurulub. Hadisə Qax şəhəri Üzeyir Hacıbəyov və Natavan küçələrinin kəsişdiyi ərazidə baş verib. Hadisə zamanı Qax şəhər sakini Süleymanov Azər idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında evə getmək üçün avtobus gözləyən piyada 1951-ci il təvəllüdlü, Qax rayonu Ağçay kənd sakini Seyidəliyeva Xədicəbəyimi vurub. Qəza nəticəsində xəsarət alan yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan  verilən məlumata görə, yaralı cərrahiyə şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-stabil hesab olunur. Hər iki faktla bağlı Qax RPŞ-də araşdırma aparılır. Qəzaların dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.