• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4234
— 02.12.2015 16:11

Gəncə Dövlət Dram Teatrının səhnəsində ilk yaşanacaq

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi yeni tamaşanın premyerasına hazırlaşır. Əsər Azərbaycan teatr səhnəsində ilk dəfə nümayiş olunacaq.

Tamaşa yazıçı-dramaturq Şəfaət Mehdiyevin “Sabir” pyesi əsasında hazırlanır. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı isə Tünzalə Mustafayevadır. Səhnə əsərində baş rolları gənc aktyorlar Vasif İsmayılov, Sevinc Hüseynova, xalq artisti Alim Məmmədov, əməkdar artist Faiq Qasımov oynayacaq.

Əli Qasımov- Gəncə Dövlət Dram Teatrının direktoru: “Əsərdə Mirzə Ələkbər Sabirin, böyük satirikin həyat və fəaliyyətini əks etdirən, həmin dövrdə onun əhatəsində olan bütün qələm əhlinin, ziyalıların və eyni zamanda ictimai mühitin daxili aləmini açan, xarakterizə edən mövzudan bəhs edilir. Güman edirəm ki, tamaşa teatrsevərlər tərəfindən çox yüksək səviyyədə qarşılanacaqdır”.

Bir aydır ki, məşqləri gedən “Sabir” tamaşasının ayın sonuna kimi premyerası olacaq.

Bundan başqa Gəncə Dövlət Dram Teatrının aktyor heyəti dekabrın 16-da paytaxt Bakıya gedəcək. Yaradıcı heyət Bakıda Rus Dram Teatrında İradə Gözəlovanın quruluş verdiyi Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsərini nümayiş etdirəcək.

Elnur Vahidoğlu