• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1104
— 02.12.2015 13:18

Şəmkir sakinləri könüllü olaraq qan veriblər

Şəmkir rayonunda növbəti qanvermə aksiyası keçirilir. İki günlük aksiya  çərçivəsində  500- dən dən çox vətəndaşın könüllü olaraq qan verəcəyi proqnozlaşdırılır.

Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən, növbəti qanvermə aksiyası Şəmkir Mərkəzi Rayon Xəstəxanasında keçirilib. Aksiyada idarə, təşkilat və müəssisələrin, eləcə də yerli özünüidarəetmə və hüquq- mühafizə orqanlarının əməkdaşları fəallıq nümayiş etdiriblər. Vətəndaşlar bir qayda olaraq əvvəlcə tibbi müayinədən keçirilib və səhhətində ciddi qüsuru aşkarlanmayan şəxslərdən 250 qram həcmində qan götürülüb.

Orxan Salmanov- donor: “Bu gün Şəmkir rayonunda təşkil olunan qanvermə aksiyasında könüllü olaraq iştirak etdim. Sevinirəm ki, mənim qanım hansısa bir xəstəyə şəfa verəcək”.

Firdovsi Qəhrəmanov- donor: “Bir Şəmkir sakini kimi bu qanvermə aksiyasına mən də qoşuldum. Mənim verdiyim qan kimə qismət olacaqsa, xeyirli olsun”.

Qanvermə aksiyası 2 gün davam edəcək. Əhalinin aktivliyi nəzərə alınmaqla 500- dən çox vətəndaşın donor olacağı proqnozlaşdırılır. Vətəndaşlardan toplanan qan nümunələri Respublika Qan Bankına göndərilməklə irsi qan xəstəliyindən əziyyət çəkənlərə köçürüləcək.

Nürəddin Əhmədov- Şəmkir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi: “Könüllü olaraq insanlar qan verməyə gəlirlər. Hesab edirəm ki, könüllülərin sayı çoxluq təşkil edəcək. Hər bir şəmkirli bilməlidir ki, donor olmaq böyük bir xeyirxahlıqdır. Çünki onun verdiyi qan ağır bir xəstənin köməyinə çatır”.

Şəmkir rayonunda sonuncu dəfə qanvermə aksiyası bir il bundan əvvəl keçirilib. Həmin vaxt 1000-ə yaxın rayon sakini könüllü olaraq qan verib.

Natiq Hüseyn