Bu günə xəbərlərin oxunma sayı: 1094
— 30.11.2015 20:34

Mingəçevirdə canavar gənc oğlana hücum edib

Mingəçevir şəhərinin ərazisində məcburi köçkünlərə məxsus qoyun fermasına canavar hücum edib. Ötən gün günorta saatlarında  yırtıcının yaxınlaşdığını görən, Kəlbəcər rayon sakini Elçin Məmişov qoyunları qorumağa çalışıb. Bu zaman canavar onun üzərinə atılıb. Yırtıcıya qarşı müqavimət göstərə bilməyən gənc yerə yıxılıb. Bu isə onun ağır yaralar almasına səbəb olub.  Yırtıcı gəncin üz və baş nahiyəsini yaralayıb. Sonra canavar yaxınlıqdakı sakinlərə hücum çəkib. İnsanları bu dəfə yırtıcının dişlərindən  sakinlərdən birinin iti xilas edib. Yaralı Elçin Məmişov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona lazimi tibbi yardım göstərilib. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Əraziyə Baytarlıq İdarəsinin əməkdaşları da gəlib. Yırtıcıdan Respublika Baytarlıq Laboratoriyasına göndərilmək üçün nümunələr götürülüb. Canavarın cəsədi isə baytarların nəzarəti altında yandırılaraq basdırılıb.

İlham Məmmədzadə