• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1329
— 03.10.2014 14:40

Gəncədə əlil və məktəbə gedə bilməyən uşaqların normal təhsil almaları üçün tədbirlər görülür

Ümumtəhsil məktəblərində oxumaq imkanı olmayan əlil uşaqların təhsili onların və valideynlərinin arzusu ilə ev şəraitində təşkil edilir. Təbii ki, evdə təhsil üçün xüsusi təlim keçən pedaqoqlara ehtiyac var. Bu gün Gəncə Humanitar Kollecində "Ailə və ev təhsili" fakültəsi fəaliyyət göstərir ki, burada təhsil alan gənclər məhz əlilliyi olan və məktəbə gedə bilməyən uşaqların ev şəraitində normal təhsil ala bilmələri üçün yetişdirilirlər.

Gəncə Dövlət Humanitar Kolleci "Ailə və ev təhsili" fakultəsinə ilk tələbələrini 2010-2011-ci tədris ilində qəbul edib. İlkin olaraq 24 nəfərin məzun olduğu bu fakultədə hazırda 392 tələbə təhsil alır. Bu ixtisası bitirən tələbələr müxtəlif təhsil müəssisələrində, ümumtəhsil məktəblərinin günü uzadılmış qruplarında, internat tipli məktəblərdə, uşaq kənd evlərində tərbiyəçi-müəllim kimi çalışa bilərlər.

Nəzərova Sahibə -Gəncə Humanitar Kollecin Tədris Hissə Müdiri: "Müəyyən fiziki qüsurları olan uşaqlarımız da var. O uşaqlar digər yoldaşları kimi məktəblərdə təhsil almağa gedə bilmirlər. Onlar da məcburdu evdə təhsil alsın. Bu ixtisası bitirən tələbələr məhz bu işdə onlara köməkçidirlər. Onlar evlərdə həmin uşaqlar sinif müəllimi kimi təhsil verə bilərlər".

Müsahibimiz qeyd edir ki, bu fakultəni bitirən məzunlar cəmiyyətdən ayrı olan uşaqların gələcəyə olan inamını artıra, həyata uyğunlaşmalarına yardım göstərə, dünya görüşlərini formalaşdıra bilər. Bu səbəbdən də, "Ailə və ev təhsili" ixtisasını bitirən tələbələrin cəmiyyətin formalaşmasındakı rolu olduqca böyükdür.

Gülnar Fazilqızı