• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2210
— 25.11.2015 16:32

Şəmkirdə 200-dən çox xurma vaqonu sərhədin açılmasını gözləyir

Son günlər Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının daşınmasında yaranan problemlər qərb regionundan olan fermerləri də narahat edir. Şəmkir rayonundan xurma ilə dolu vaqonlar da məsələnin həllindən sonra xarici bazara yola salınacaq.

Şəmkirin xurma bağlarında məhsul bolluğu təsərrüfat sahiblərinin üzünü güldürsə də, məhsulun Rusiya bazarına çatdırılmasında müşahidə edilən  problemlər sahibkarları sözün əsl mənasında dilxor edib. İndi rayonun dəmir yolu stansiyalarında 200-dən çox xurma ilə yüklənən vaqon sərhədin açılmasını gözləyir.

Sərvan Hüseynov- sahibkar: “Sərhəd 15 gündür bağlıdır. Mənim özümün hər vaqonda 60 ton məhsulum var. 320 ton məhsulum alışıb-yanır. Bizim də dövlətə kreditimiz və borcumuz var. Biz bunu necə ödəyək, heç özümüz də bilmirik”.

Mirdamət Seyidov- sahibkar: “Məhsulumuzu apara bilmirik. Məhsulumuz gözümüz qarşısında xarab olur. 2 maşın göndərmişik, o da gedib sərhəddə qalıb”.

Məhsulun xarab olması ilə yanaşı sahibkarlar hər bir soyuducu vaqon üçün dəmir yoluna rüsum ödəməkdə davam edir. Bu isə, vaxt itkisi ilə yanaşı əlavə xərc deməkdir.

İndi şəmkirli sakibkarları təkcə məhsulun kefiyyəti deyil, onların qiyməti də narahat edir. Çünki məhsul Rusiya bazarlarına nə qədər gec çatdırılarsa, o qədər aşağı qiymətə satılacaq.

Üstəlik xurmanın uzun müddət soyuducu vaqonlarda saxlanılması məhsulun keyfiyyətinə də müəyyən təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, xurmanı ən çox bir ay vaqonlarda kefiyyətini qorumaqla saxlamaq olar.  

Cəmaləddin İsmayılov- vaqon nəzarətçisi: “İstər-istəməz saxladıqca məhsulun keyfiyyəti ölür. Nə qədər yaxşı saxlasan da, müddət keçdikcə xarab olmağa başlayır. Onlar istədiyi kimi saxlamaq mümkün deyil”.

Analoji hal ötən mövsüm də müşahidə olunmuşdu və sahibkarlar sərhəddə yaranan problemlərə görə ziyana düşmüşdülər.

Natiq Hüseyn