• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4180
— 25.11.2015 16:31

Gəncə Şəhər Məşğulluq Mərkəzində iş kvotaları ilə bağlı toplantı təşkil olunub

Gəncə Şəhər Məşğulluq Mərkəzində 30 idarə və müəssisənin kadrlar şöbəsinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə bütün idarələrdə boş kvota yerlərinin olmasının zəruriliyi vurğulanıb.

Kadrlar şöbəsinin rəhbərlərinə məlumat verilib ki, müəyyən olunan qaydada məşğulluq haqqında qanunun 9-cü maddəsinə görə, müəssisə, idarə və təşkilatlarda güzəştli vətəndaşlar üçün kvota müəyyən edilməlidir. Kvotanın miqdarı ərazi üzrə əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdə işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə təyin edilir. Qanuna görə işçilərin sayı 25-dən 50-dək olan müəssisələrdə iş yerlərindən biri əlillər üçün nəzərdə tutulur.

Abil Tağıyev- Gəncə Şəhər Məşğulluq Mərkəzinin direktoru: “Məqsəd hər bir idarə və müəssisədə olan kvota yerlərini aşkara çıxarmaq və həmin vətəndaşları kvota üzrə işlə təmin etməkdir. Gələcəkdə biz yenə yoxlama aparacağıq. Bu gün idarələrin nümayəndələrini dəvət etmişik ki, onlar kvota yerlərinə dəyməsinlər və həmişə bizimlə əlaqə saxlasınlar”.

O da xüsusi ilə vurğulanıb ki, kvota yerinə işçi götürməkdən boyun qaçırmaq İnzibati Xətalar Məcəlləsinin 53 maddəsinə müvafiq olaraq 50 manatdan 90 manatadək cərimə ilə nəticələnir. Bu ilin ötən 10 ayı ərzində 10 nəfər kvota yerinə işə düzəlib.

Gəncə Şəhər Məşğulluq Mərkəzində 342 boş iş yeri var. Bu boş yerlərindən 14-ü kvota yerləridir.

Elnur Vahidoğlu