• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 932
— 18.11.2015 17:56

Ölkəmizi tanıyaq maarifləndirici tur-aksiya çərçivəsində cənub bölgəsinin məktəbliləri Şəmkir və Göygöldə olublar

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiya çərçivəsində qərb bölgəsinə səfər edən cənub bölgəsinin məktəbliləri Şəmkir və Göygöldə olublar. Səhər saatlarında Şəmkirə yola düşən şagirdlər buranın tarixi abidələri, müasir tikililəri, bir sözlə, gəzməli-görməli yerləri ilə tanış olublar. Günün ikinci yarısında isə "Ölkəmizi tanıyaq" avtobusu Göygöl rayonuna yollanıb.
Məktəblilər “Orta əsr Şəmkir qalasını” ziyarət ediblər. Daha sonra onlar  Bayraq meydanı və Bayraq muzeyinə gəliblər. Burada şagirdlərə tarix boyu Azərbaycanda var olan qədim dövlətlər və onların rəmzləri haqqında geniş məlumat verilib. "Zəka" gənclərin intellektual və yaradıcılıq inkişaf mərkəzində olan gənclər buranın fəaliyyəti haqda məlumatlandırılıblar. Mərkəzin kitabxanası isə cənublu qonaqların xüsusi diqqətini çəkib.
 
Vəciyə İskəndərli - lənkəranlı məktəbli: "Biz artıq üç gündür ki, səfərdəyik. Əminəm ki, mənimlə birlikdə burada olan şagirdlər də çox sevinirlər. Gəzintimiz çox gözəl keçir. Dərs vəsaitlərində oxuduqlarımızın əyani şahidi oluruq".
Nurlan Hacızadə - lerikli məktəbli: “"Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Respublikamızın gəzməli-görməli yerləri, tarixi abidələri ilə tanış oluruq. Ölkəmizdə gedən inkişafın canlı şahidi oluruq. Bu vasitə ilə yeni dostlar qazanırıq".
Bəxtiyar Səmədov - astaralı məktəbli: "Gənclərin dünya görüşünün artırılması, şagirdlərin gələcəyə baxışının artırılması məqsədi ilə bu cür layihələrin keçirilməsi bizim üçün böyük uğurdur. Əgər belə layihələr davam etsə, biz Azərbaycanımızı dünyada daha yaxşı təmsil edə biləcəyik".
 
Heydər Əliyev Mərkəzinə gələn şagirdlər ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar. 
 
Şəmkirin tarixi haqda ətraflı məlumat aldıqdan, bu günü və mədəniyyəti ilə əyani şəkildə tanış olduqdan sonra cənublu məktəblilər Göygölə yola düşüblər.
 
Göygöldə şagirdlərin ilk dayanacağı Heydər Əliyev parkı olub. Ulu öndərin adını daşıyan mərkəzdə cənublu qonaqlara Göygölün tarixi, mədəniyyəti və iqtisadiyyatı haqqında ətraflı məlumat verilib. Daha sonra şagirdlər mərkəzi gəzib, burada yaradılan Heydər Əliyev muzeyi ilə tanış olublar. "Ölkəmizi tanıyaq" tur-aksiya çərçivəsində məktəblilər Göygöl Gənclər Mərkəzində də olublar. Onlara rayonda almanlar tərəfindən tikilən evlər barədə də məlumat verilib. Göygöl rayon Tarix-Diyarşünaslıq Muzeyində eksponatlar və muzeyin yerləşdiyi kilsə şagirdlərin diqqətini çəkib. Cənublu qonaqlar Dövlət Rəmzləri muzeyində olub, bayraq meydanından rayonun mənzərəsini seyr ediblər. Ekskursiyanın son dayanacağı isə Göygöl Milli Parkı olub.
 
Natiq Hüseyn
Gülnar Fazilqızı