• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 02.10.2014 15:01

Gəncə və Göygöldə satışa çıxarılan heyvan ətlərinə ciddi nəzarət olunur

KepezTV Player

Müqəddəs Qurban bayramı ilə əlaqədar dövlət baytarlıq idarəsinin əməkdaşları  bazarlarda ət kəsiminə və satışına nəzarətin artırılması üçün gücləndirilmiş iş rejiminə keçiblər.

Qurban bayramı öncəsi dövlət baytarlıq xidmətinin əməkdaşları bazarlarda və ət kəsimi məntəqələrində xəstə və mənşəyi məlum olmayan heyvan ətlərinin satılmasının  qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib. Gəncə şəhər Baytarlıq İdarəsindən verilən məlumata görə, bu günədək keçirilən yoxlamalar zamanı hər hansı bir neqativ hal aşkar edilməyib.

Bayandur Rzayev- Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi: “Bildiyiniz kimi bütün bazarlarda laboratoriyamız fəaliyyət göstərir. Gətirilən məhsullar laborantlar tərəfindən yoxlanılır. Bu günədək mənşəyi məlum olmayan mala rast gəlinməyib. Əgər belə bir hal aşkar edilərsə dərhal onun qarşısını almağa hazırıq”.

Göygöl rayon Baytarlıq İdarəsinin əməkdaşları isə ət kəsimi və satışı ilə yanaşı rayonda fəaliyyət göstərən mal bazarını da xüsusi nəzarətdə saxlayır. Məlumata görə, hazırda rayon ərazisində epizootik vəziyyət sabitdir.

Oktay Həmidov- Göygöl rayon Baytarlıq İdarəsinin rəisi: “Qonşu rayonlardan, müxtəlif yerlərdən satış üçün bazara gətirilən heyvanları nəzərə alaraq gətirilən heyvanlar tam olaraq baytar nəzarətindən keçirildikdən və yoxlanıldıqdan sonra bazara buraxılır. Eyni zamanda Qurban bayramı ərəfəsində rayon ərazisində kəsilən heyvanlar baytar müayinəsindən keçirilir və satışına icazə verilir”.       

Baytarlar tərəfindən aparılan yoxlamalar bayram günlərində də davam edəcək.

Elton Cabbarlı